Biz Qayıtdıq – Kəlbəcərin Yeni Həyatı İlk Dərs Günü ilə BaşlayırQələbənin Bəhrəsi – Qayıdış Sevinci
Cəmiyyət
348
19:10, Bu gün

Biz Qayıtdıq – Kəlbəcərin Yeni Həyatı İlk Dərs Günü ilə BaşlayırQələbənin Bəhrəsi – Qayıdış Sevinci

 

   

Beş il öncə bu fotonu Kəlbəcərin azad olunan günü çəkmişdim. Həmin an mənim övladlarım da bütün kəlbəcərlilər qədər bu sevincə qoşulmuşdu. Onların “Biz qayıdırıq!” nidaları sanki dağların sükutunu pozurdu. Bu gün isə həmin səs artıq doğma  məktəb zənglərinin sədası ilə birlikdə  Vətəndən gəlir. 

İllərlə həsrətlə gözlənilən gün artıq gerçəkləşib: Kəlbəcər öz övladlarını qarşılayır. Bu torpaqlar bir vaxtlar qara günlərin ağrısını yaşasa da, bu gün yenidən həyatla nəfəs alır. “Biz qayıtdıq!” sözləri artıq sadəcə bir şüar deyil, reallığa çevrilmiş gerçəklikdir. İlk dərs günü isə bu dönüşün ən gözəl təntənəsidir.

Kəlbəcərdə çalınan ilk zəng səsi təkcə təhsil həyatının başlanğıcı deyil. Bu səs, həm də yurdun dirçəlişinin, ümidlərin yenidən doğulmasının simvoludur. Məktəb həyətində səslənən uşaq gülüşləri dağlara yayıldıqca, Kəlbəcərin ruhu təzədən canlanır. Artıq o dərsliklərdə yalnız riyaziyyat, ədəbiyyat və tarix yox, həm də vətən sevgisi yazılır.

Partalara əyləşən hər bir uşaq, gələcəyin qarantıdır. Onların saf baxışlarında yeni Kəlbəcərin, güclü Azərbaycanın sabahı görünür. Bu balaca əllər sabah bu torpaqlarda yeni evlər, məktəblər, yollar inşa edəcək. Onların gülüşü – kəndlərimizin həyatla dolu olduğunun ən parlaq sübutudur.

Bu günü yaşayan valideynlər üçün hisslər sözlə ifadə olunmaz. Çünki illərlə övladlarını doğma yurd həsrəti ilə böyütmüşdülər. İndi isə həmin övladların məktəb yolunda addımlamasını görmək – bir ömrün ən böyük mükafatıdır.

Kəlbəcərdə ilk dərs günü yeni bir tarixin başlanğıcıdır. “Biz qayıtdıq” deyən xalq bu gün həm keçmişin ağrılarını geridə qoyur, həm də gələcəyin işıqlı səhifələrini yazır. Çünki Kəlbəcərin yeni həyatı – məhz uşaqların səsi, məktəblərin açıq qapısı və ilk zəngin sədası ilə başlayır.

Bu günü bizə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Kəlbəcərdə bu sevincə sevinc qatan Azərbaycan Prezidentinin Kəlbəcər üzrə Xüsusi Nümayəndəliyinə, Bəşir müəllim Hacıyev və Şərqi Zəngəzur İqtisadi Rayonunun Təhsil Şöbəsinin müdiri Fuad Bədəlova dərin təşəkkürümüzü bildiririk. 

Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə can sağlığı diləyirik. 
 
 Səbuhi Kamran ( Ağayev)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər