MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb
Cəmiyyət
524
11:37, Bu gün

MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

2011-2012-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu qaydanın tətbiq edilməsi nəticəsində 2015-2024-cü illərdə 45 000 nəfərə yaxın namizəd müddətsiz əmək müqaviləsi əsasında işlə təmin olunub.

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Şöbə müdiri bildirib ki, hər il müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi (proqram təminatının yaradılması, test tapşırıqlarının hazırlanması, maddi-texniki təchizatın təmin olunması və s.) üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti sərf olunur: “Belə ki, müsabiqənin keçirilməsi üçün təchizat xərcləri 2021-ci ildə 1 106 033 manat, 2022-ci ildə 1 314 197 manat, 2023-cü ildə 1 290 567 manat, 2024-cü ildə isə 232 665 manat təşkil edib. 2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 171 nəfərdən 46 930 nəfər, 2022-ci ildə 54 804 nəfərdən 44 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 571 nəfər, 2024-cü ildə isə 61 669 nəfərdən 50 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18,5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub. Bu xüsusda da, müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə müsabiqədə iştirakın ödənişli olması təklif edilir. Ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və AR-nın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmur”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər