Saatlı rayon Gomuşçu kəndində yerləşən fərdi yaşayış evindən televizor oğurlanıb. Ev sahibləri həmin gün toyda olublar.
Moderator.az xəbər verir ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 20 yaşlı Şamxal saxlanılıb.
Şamxal qohumu Elxan adlı şəxsin evindən televizor oğurlayıb. Həmin gün Elxan oğluna toy etdiyi üçün evdə olmayıb. Şamxal da bunu fürsət bilib.
Şamxal Bakıda olan sevgilisi ilə görüşmək istəyib. Buna görə ona pul lazım olub. Pul tapa bilməyən Şamxal oğurluq etmək qərarına gəlib. Qonşusu və qohumu olan Elxanın evindən götürdüyü televizoru 200 manata satıb. Lakin televizoru satdığı şəxs 150 manatı nağd verib və 50 manatı da bir neçə günə verəcəyini söyləyib.
150 manatı alandan sonra Bakıya üz tutuan Şamxal həmin pulu sevgilisi ilə birlikdə xərcləyib. Yemək yeyiblər, qoz-fındıq, şirniyyat və sərinləşdirici içkilər alıblar.
Törətdiyi əməl görə məsuliyyətə cəlb olunan Şamxal peşman olduğunu deyib. Zərərçəkmiş tərəflə barışıq əldə edilib və dəymiş zərər ödənilib.
Məhkəmənin hökmü ilə Şamxal barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.