Aeroportdan şəhərə bu qiymətə gedəcəyik -
Cəmiyyət
259
10 Sep 2025 | 22:30

Aeroportdan şəhərə bu qiymətə gedəcəyik - "Burada əsas məqsəd qiyməti artırmaqdır"

"Aeroport rəhbərliyinin axşam yatıb səhər durub belə bir qərar tətbiq etməsi vətəndaşların ziyanına olan addımdır"

Son günlər yerli mətbu orqanlarda Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə taksi sifarişlərinə məhdudiyyət tətbiq olunacağına dair xəbərlər tirajlanmağa başlayıb. Bildirilir ki, hava limanı ərazisinə uçuş üçün başqa taksi operatorları ilə gəlmək mümkün olsa da, çıxış üçün yalnız ərazidəki "London taksi"lərinin xidmətindən yararlanmaq mümkün olacaq. Hava limanı daxilində fəaliyyət göstərən sıravi taksi maşınları, eləcə də "Bolt", "Uber" kimi taksi operatorları ora buraxılmayacaq.

Bu iddia rəsmən təsdiq olunmasa da, gələcəkdə belə bir məhdudiyyətin tətbiqi istisna edilmir. Hava limanından verilən məlumata görə, sərnişinlərin rahatlığını artırmaq məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır və hazırda taksilərin giriş-çıxışına heç bir məhdudiyyət yoxdur. Rəsmi açıqlamada həmçinin vurğulanır ki, görüləcək yeniliklər barədə gələcəkdə ictimaiyyətə əlavə məlumat veriləcək.

Deyilənə görə, artıq bəzi taksi sürücüləri hava limanından sifariş götürməməyə başlayıblar. Məsələ ilə bağlı “Bolt” və “Uber” şirkətlərinin mövqeləri bəlli olub. “Bolt” tərəfindən rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi bildirilib, “Uber” isə hələlik şərh verə bilməyəcəyini açıqlayıb.

Bəs maraqlıdır, belə bir məhdudiyyət tətbiq olunarsa, bu, taksi qiymətlərinə necə təsir göstərəcək?

İqtisadçı Xalid Kərimli "AzPolitika"-ya açıqlamasında bildirib ki, bu cür qərar qiymətlərin yüksəlməsinə səbəb olacaq.

 

 

Ekspert qeyd edir ki, bir provayderə üstünlük verilməsi inhisarçılıqdır və əsas məqsədin qiyməti artırmaq olduğunu göstərir: "Yəqin ki, orada normal rəqabətli qiymət aralığı mövcuddur və "London" taksiləri işləyə bilmir, buna görə də belə bir addım atılır. Ümumiyyətlə, taksi fəaliyyəti üzrə müəyyən məhdudiyyətlər mövcuddur. Məsələn, iki il əvvəl ölkəyə gətirilən taksilərin sayı, istismar müddəti və post-terminal quraşdırılması ilə bağlı qaydalar vardı. Amma çox hallarda bunlar icra olunmadı. Bu gün taksilərin hamısında post-terminal varmı? Bildiyimə görə, bu qaydaların çoxu tətbiq olunmayıb."

X. Kərimli əlavə edib ki, digər aeroportlarda da bu cür məhdudiyyətlər tətbiq oluna bilər, amma bunun ədalətli qaydası olmalıdır: "Əgər aeroport öz ərazisində belə bir məhdudiyyət qoymaq istəyirsə, mütləq tender təşkil olunmalı, müxtəlif operatorlar iştirak etməli və tender şərtləri iştirakçılar üçün əlverişli olmalıdır. Yəni seçim şəffaf və ədalətli şəkildə aparılmalıdır. Yoxsa, aeroport rəhbərliyinin axşam yatıb səhər durub belə bir qərar tətbiq etməsi dünyada sistem kimi qəbul olunmuş hal deyil. Təbii ki, bu, vətəndaşların ziyanına olan addımdır."

Bu barədə "Azərbaycan İnternet Forumu"nun prezidenti Osman Gündüz bildirib ki, aeroportdan taksi xidmətinin yalnız bir operatora, xüsusilə də dövlətə məxsus şirkətə verilməsi inhisarçılıq hesab olunur.

 

 

 

O, bunun sərnişinlər üçün baha qiymətlər və uzun növbələr yarada biləcəyini vurğulayıb: “Hava limanından şəhər istiqamətində taksilə sərnişindaşımada yalnız dövlətə məxsus "Bakı taksi xidməti" şirkətinə icazə veriləcəyi barədə məlumatlar yayılıb. Bu addım sərnişinlərin seçim imkanlarını məhdudlaşdırır və rəqabət mühitinə zərbə vurur. Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə üstünlük verilməsi yolverilməzdir.”

O. Gündüz həmçinin bildirib ki, bu cür məhdudlaşdırıcı qərarlar Rəqabət Məcəlləsinin tələblərinə ziddir: “Taksi bazarında vətəndaşların hüquqlarının pozulmasına və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər qanunla qadağandır. Ümid edirəm ki, hava limanı administrasiyasının bu qərarları Antiinhisar orqanlarının diqqətini çəkəcək.”

 

 

Qeyd edək ki, dövlət taksi xidməti olan “Baku Taksi”nin duracağı 1-ci terminalın çıxışında yerləşir. Hava limanında taksi sifarişini 1-ci terminalda yerləşən köşkdən, eyni zamanda "1000" Çağrı Mərkəzi və ya mobil tətbiq vasitəsilə etmək mümkündür. “Baku Taxi” müştərilərinə TX4 və LEVC TX markalı “London Taxi” minik avtomobilləri ilə xidmət göstərir. Tariflər standart və komfort kateqoriyaları üzrə müəyyənləşdirilib.

Standart tarif üzrə TX4 markalı taksi minik avtomobili ilə xidmət göstərilir. Hər kilometr üçün qiymət aşağıdakı kimidir:

 0–10 km: 0.80 AZN/km;

 10–20 km: 0.70 AZN/km;

 20 km-dən yuxarı: 0.60 AZN/km;

 Gözləmə müddəti (15 dəqiqədən sonra): 0.20 AZN/dəqiqə.

Komfort xidmət (LEVC TX modelləri):

 0–10 km: 1.00 AZN/km;

 10–20 km: 0.90 AZN/km;

 20 km-dən yuxarı: 0.80 AZN/km;

 Gözləmə müddəti (15 dəqiqədən sonra): 0.25 AZN/dəqiqə.

Qeyd olunan qiymətlər əsasında kiçik bir hesablama aparaq. Məsələn, Heydər Əliyev Beynəlxalq Hava Limanından Bakının mərkəzi bölgələrindən biri olan "28 May" metrostansiyasının qarşısına qədər məsafə təxminən 25 kilometrdir. Bu zaman qiymətlər standart və komfort kateqoriyaları üzrə belə olacaq:

Standart:

 0–10 km × 0.80 AZN/km = 8.0 AZN

 10–20 km × 0.70 AZN/km = 7.0 AZN

 20–25 km × 0.60 AZN/km = 3.0 AZN

Cəmi: 18 AZN

Komfort:

 0–10 km × 1.00 AZN/km = 10.0 AZN

 10–20 km × 0.90 AZN/km = 9.0 AZN

 20–25 km × 0.80 AZN/km = 4.0 AZN

Cəmi: 23 AZN

Qeyd edək ki, hazırda "Bolt" və "Uber" kimi taksi xidmətləri ilə eyni məsafəyə 8-12 manat arası gediş haqqı tələb olunur.

Link kopyalandı!
Son xəbərlər