"Kəndinə qayıt" verilişinin yeni buraxılışında haputluların yaşadığı İsmayıllı rayonuna səfər edilib.
Qafqaz xalqlarının Nax-Dağıstan qrupunun Şahdağ yarımqrupuna aid olan haputlar bölgənin qədim etnoslarından biridir. Azərbaycanda 5 mindən çox haputlu yaşayır; onlar "haputlar", "haputlular" və ya "hapıtlar" adları ilə tanınırlar.
Aparıcı Kəmalə Bədəlova səfər zamanı haputların kompakt məskunlaşdığı Hacıhətəmli və Mollaisaqlı kəndlərində olub.
Qeyd olunub ki, Hacıhətəmlidə 2 500 nəfərə yaxın əhali yaşayır və onların çoxu haputludur. Burada üç əsas tayfa mövcuddur: çoçanlılar, izbaşlılar və çühürlülər.
Verilişdə kəndin "Şəhidlər xiyabanı" da ziyarət olunub. Jurnalist Xeyrulla Ağayevin sözlərinə görə, burada 1918-ci il hadisələri, Böyük Vətən müharibəsi və Qarabağ müharibələrində həlak olmuş şəxslərin adları qeyd olunub. 1918-ci ildə iki türk əsgərinin dəfnindən sonra kənd qəbiristanlığı həmin əraziyə köçürülüb və bu, yeni bir ənənə yaradıb.
Belə ki, uzun illərdir sentyabrın 15-i şagirdlər dərslərə məhz burada başlayır və onlara qəhrəmanlıq və azadlıq mübarizəsi haqqında məlumat verilir. Mollaisaqlıda isə 1 092 nəfər haputlunun yaşadığı bildirilib.
Sakinlərin sözlərinə görə, kənddə indiyədək nə boşanma, nə də cinayət hadisəsi baş verməyib.
Ətraflı Baku TV-nin süjetində: