Saatlıda doğuş zamanı ananın ölümünə səbəb olmaqda təqsirləndirilən Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin sabiq müdiri Könül Xudatova ilə bağlı məhkəmə qərarının bəzi detalları məlum olub.
Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, Könül Xudatovaya həmçinin bir il müddətinə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq, eləcə də mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq da qadağan edilib.
Məhkəmənin hökmü ilə K.Xudatovaya elektron nəzarət qolbağı tətbiq edilib. Qərara əsasən, təyin edilmiş cəza müddəti ərzində K.Xudatovaya yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək, habelə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.