Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda pensiya yaşına az qalan şəxslərin işdən çıxarılmasının qadağan olunması təklif edilib.
Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin sentyabrın 10-da keçirilən iclasındakı çıxışında danışıb.
Deputat qeyd edib ki, məsələ Əmək Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapa bilər:
"Müşahidələr göstərir ki, pensiya yaşına çox az qalmış bəzi vətəndaşlar işdən azad olunurlar. Pensiya yaşına, belə deyək, iki il qalmış işdən azad edilən şəxsin yeni iş tapması çətin olur. Bir sıra ölkələrdə belə hallar qadağan olunub. Məsələn, Qazaxıstanın Əmək Məcəlləsinə əsasən, ştatın və ya müəssisənin ləğvi istisna olmaqla, digər hallarda pensiya yaşına az qalmış şəxsin işdən azad edilməsi qadağan olunub. Hesab edirəm ki, Azərbaycanda da Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilməli, pensiya yaşına az müddət qalan şəxsin işdən azad olunması qadağan edilməlidir".
Komitə sədri Musa Quliyev deputatın bu təklifini müsbət dəyərləndirib:
"Sizdən xahiş edirəm ki, qanun layihəsinin mətnini hazırlayıb aidiyyəti üzrə təqdim edəsiniz. Bu çox yaxşı təklifdir".