Bizi sosial şəbəkələrdən izləyin:
Rusiyada Moskva məhkəməsi Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən terrorçuluq fəaliyyətində ittiham olunaraq axtarışda olan şəxsin həbsinə qərar verib. Saxlanılan şəxs beynəlxalq axtarışa verilib və o, dövlət təhlükəsizliyinə qarşı ağır cinayətlərdə ittiham olunur.
Moderator.az xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə materiallarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, şübhəli şəxs terrorçuluq məqsədilə təlimlər keçirmək, cinayətkar birlik təşkil etmək və qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunur.
Azərbaycanda həmin şəxs qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib. Rusiya hakimiyyət orqanları Azərbaycan tərəfdən bütün lazımi sənədlərin vaxtında təqdim edildiyini təsdiqləyiblər ki, bu da şübhəlini dərhal həbs etməyə imkan verib.
Moskva məhkəməsi şübhəlinin həbsinə qərar verib. Məhkəmə materiallarında saxlanılan şəxsin vətəndaşlığı göstərilməsə də, onun Rusiya pasportunun olmadığı qeyd edilib.
Xatırladaq ki, sentyabrın 8-də Stavropol diyarında Rusiya FTX əməkdaşları tərəfindən Azərbaycan vətəndaşının saxlanılması barədə məlumat daxil olub. O, Rusiyada qadağan olunmuş Ukrayna təşkilatının göstərişi ilə bölgədə terror aktları hazırlamaqda şübhəli bilinib.