Noyabrın 12-də – Konstitusiya Günündə Azərbaycanda konstitusiya referendumu keçirilə bilər.
Moderator.az xəbər verir ki, bu barədə “AzPolitika”-ya məlumatlı mənbələrdən informasiya daxil olub.
Bildirilir ki, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra hökumət bir sıra sahələrdə, xüsusilə idarəetmə sahəsində ciddi dəyişikliklərə hazırlaşır.
Mənbənin məlumatına görə, ümumxalq müzakirəsinə çıxarılacaq əsas təkliflərdən biri dövlət idarəçiliyi sahəsində yeniliklərlə bağlıdır. Buraya Nazirlər Kabineti və vitse-prezidentlik institutunun səlahiyyətlərinin dəqiqləşdirilməsi, rayon icra hakimiyyətlərinin ləğv edilərək regional idarəçiliyə keçid daxildir. Bu çərçivədə Prezidentin təyin etdiyi xüsusi nümayəndələrin idarə edəcəyi 14 iqtisadi zona üzrə vilayətlərin yaradılması nəzərdə tutulur.
Son illərdə hökumət regional idarəçilik istiqamətində bir sıra addımlar atıb: bəzi nazirliklərin və kommunal qurumların rayon bölmələri ləğv edilərək regional idarələrdə birləşdirilib.
Məlumatda qeyd olunur ki, Milli Məclisin yaz sessiyasında Naxçıvan Muxtar Respublikası Konstitusiyasında aparılan dəyişikliklərlə bağlı bəzi müddəaların da Əsas Qanundan çıxarılması nəzərdə tutulur.
Konstitusiyanın 152-ci maddəsinə görə, dəyişikliklər yalnız referendum yolu ilə təsdiqlənə bilər. Referendumun keçirilməsi üçün təşəbbüs səsverməyə azı iki ay qalmış Prezident və ya Milli Məclis tərəfindən irəli sürülməlidir.
Səsvermənin nəticələri sadə çoxluqla (50%+1) müəyyən olunur. Əgər Konstitusiyaya dəyişiklik edilərsə, referendumun nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi elan edilir və dərc olunur.