Çox maraqlıdı... Öncə gecələrin birində Bodrumda və Bakıya qayıdandan bir neçə gün keçmiş rəhmətlik Qəmbər müəllim gəlmişdi yuxuma, - həmən qiyafədə, işıqlı, nurlu, gülər üzlə... Səhəri gün maşını sürdüm Masazır qəbiristanına, Qənbər müəllimi, doğmaları ziyarət edəndən sonra dincəlmək üçün oturacaqda əyləşib olub-keçənləri, ötən günləri, ötən çağları xatırladım. Adilə zəng açdım, telefonu əhatə dairəsi xaricindəydi, bir neçə dəfə cəhd eləsəm də zəng çatmadı. Səsli mesaj göndərdim, hamı dünyasını dəyişənlərə rəhmət diləyirəm. Üstündən bir gün ötsə də Adildən səs-soraq gəlmədi... Sən demə mən Qəmbər müəllimi ziyarət edən saatlarda sizlər də Ağdabanda, Aşıq Şəmşirin və doğmaların qəbrini ziyarətdə imişsiz... Başdan-ayağa sirr dolu dünya...Təsadüfmü, reallıqmı?...
Əzizim Cavid Qəmbəroğlu!
"Əzəmətli dağların əhatəsində, qayğısız uşaqlığımı yaşadığım cığırlarında izim olan, anamın nəğmələrini eşitdiyim, atamın dualarını duyduğum, babamın sazının səsi ruhuma yayılan Ağdaban kəndini ziyarət edirəm... Hər addımda bir xatirə... Böyüdüyüm evin xarabalıqlarından keçib babam Aşıq Şəmşirin,doğmalarımın məzarına sarı gedirəm..."
Yazının ruhu ruhumu göynətdi...
Xatirələr əllərimdən tutub məni uşaqlıq illərinə - qarış-qarış gəzdiyim bum-buz, dup-duru bulaqlarından su içdiyim, yam-yaşıl çəmənlikləri, gül-çiçəkli laləli yamacları, yaylaqlarında at çapdığım əsrarəngiz gözəlliklər dolu o yerlərə apardı məni.
İllər öncə İsmayıllıda , Qaxda, şamaxıda nisgilli-nisgilli dağlara baxa-baxa -
- Dağlar bizim dağlar deyil
Dağlar qaldı Kəlbəcərdə
-deyib yazdığım misralar düşdü yadıma.
Aşıq Xanların sazında “Baş Sarıtelin” sədaları altında Xəqanin gözlərindən süzülən yaşı xatırlayıram...
Bu yazı əlimdəm tutub dolaşdırdı Kəlbəcəri, o eli, elatı məni...
Bu yazı bir rekviyemdi, 80-ci illərdə yazdığım “Rekviem” şeri ilə də bitirirəm bu qısa yazını
Doğulduğu evdən,
uşaqlıqdan,
bir də ilk sevgidən başqa,
hər şeyi unudur adam.
O çörəyə min şükür,
O suya min şükür.
O sevgiyə, o ocağa min şükür,
O ulu torpağa min şükür.
Arpa-arpa boy atdığım,
Qarğı at oynatdığım
Gözüm o kənd torpağı.
Qucağında dil açdığım,
Bir qıza könül açdığım,
Çəpər başında dolaşdığım
Canım o kənd torpağı.
Çəkib qəriblikdən qopardı məni,
Çəkib sinəsinə apardı məni.
Aldı qucağına körpəsi kimi,
Qoydu beşiyinə körpəsi kimi,
Bir qərib sükutun içindən keçdim.
Qan sızan tək
qəm sızdı gözlərimə
Günlər bürkülü-bürkülü,
Qaldım bükülə-bükülə...
Göy ilə yer arasında
yaxam sökülə-sökülə
bir qərib kədərin içindən keçdim.
Ayağı yalın uşaqtək
Ayaqları yalın baxtım,
Başım birdən dəydi daşa,
Heç bilmədim hara baxdım.
Gördüm,
doğma bilib üzümü söykədiyim
xatirələr arasında da yadam...
Doğulduğu evdən,
uşaqlıqdan,
bir də ilk sevgidən başqa,
hər şeyi unudur adam.
Zakir Fəxri