Adı
Cəmiyyət
232
16:30, Bu gün

Adı "Qırmızı kitab"a düşmüş qara kərkəs IDEA tərəfindən xilas edilib

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə Qəbələ rayonunun Qəmərvan kəndində yerləşən "Bazardüzü" İstirahət Mərkəzində aparılan araşdırma zamanı adı Azərbaycan Respublikasının "Qırmızı kitabı"na daxil edilmiş 1 qara kərkəsin qanunsuz saxlanıldığı müəyyən edilib.

Moderator.az xəbər verir ki, sözügedən quş baytar mütəxəssislər tərəfindən ərazidən götürülərək müayinə və reabilitasiya üçün Bakı Zooloji Parkına təhvil verilib.

Klinik müayinə zamanı quşun bədənində aşkarlanan qurğuşun güllə qalıqları onun məqsədyönlü ov qurbanı olduğunu göstərir. Bundan əlavə, baxış zamanı quşun qida rasionunun zəifliyi, arıqlıq və baytarlıq qaydalarına uyğun olmayan şəraitdə saxlanması müəyyən edilib.

Xilas edilən qara kərkəsin reabilitasiya müddəti tamamlandıqdan sonra vəhşi təbiətə buraxılması planlaşdırılır.

 

Qeyd edək ki, IDEA tərəfindən quşun xilas edilməsi 6 sentyabr - "Beynəlxalq Kərkəslər Haqqında Maarifləndirmə Günü"nə təsadüf edir. IDEA İctimai Birliyi vətəndaşları təbiəti qorumağa çağırır, vəhşi heyvanların qanunsuz saxlanması hallarına yol verilməməsini tövsiyə edir və bu kimi hallarla rastlaşdıqda 1113 "Təbiətə Təcili Yardım" qaynar xəttinə və ya IDEA-nın rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər