BDYPİ
Cəmiyyət
297
14:00, Bu gün

BDYPİ "Diqqət, uşaqlar!" şüarı altında profilaktik ay elan etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 5 sentyabr - 5 oktyabrı "Diqqət, uşaqlar!" şüarı altında profilaktik ay elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb:
 
"Hörmətli yol hərəkəti iştirakçıları! Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq 2025-ci il sentyabrın 5-dən oktyabrın 5-dək respublikamızda ənənəvi "Diqqət, uşaqlar!" şüarı altında yol hərəkəti təhlükəsizliyi ayı keçiriləcək.
 
Bu tədbirin əsas məqsədi - bütün yol hərəkəti iştirakçılarının diqqət və məsuliyyətini artırmaq, xüsusilə uşaqların və yeniyetmələrin həyatının qorunmasına nail olmaq, onların qəzaların qurbanına çevrilməsinin qarşısını almaqdır.
 
BDYPİ valideynlərə və böyüklərə müraciət edərək bildirir ki, uşaqların təhlükəsizliyi ilk növbədə onların məsuliyyətli davranışından asılıdır.
 
Eyni zamanda sürücülərə xüsusi olaraq xatırladırıq:
 
- Təhsil müəssisələrinin, uşaq bağçalarının və yaşayış məhəllələrinin yaxınlığında hərəkət edərkən sürəti minimuma endirin;
 
- Piyadalara, xüsusilə də uşaqlara keçidlərdə mütləq yol verin;
 
- Yol nişanlarına, işıqforların siqnallarına və nişanlanma xətlərinə ciddi əməl edin;
 
- Manevr zamanı daha diqqətli olun, dayanma-durma qaydalarını pozmayın.
 
Unutmayaq ki, qaydalara əməl etməklə biz yalnız özümüzü deyil, ətrafımızdakı insanların da həyatlarını qoruya bilirik. Ən başlıcası isə - uşaqlarımızın təhlükəsizliyini təmin edirik.
 
BDYPİ bütün yol hərəkəti iştirakçılarını əl-ələ verərək uşaqların təhlükəsizliyini qorumağa, qəzaların qarşısını almağa dəvət edir.
 
Uşaqları qoruyaq - gələcəyimizi qoruyaq!"
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər