Cəmiyyət
368
02 Sep 2025 | 22:15

"Edam olunan terrorçunun yoldaşı deyirdi ki, o kişinin üzünə baxa bilmirəm"- oğlu səfirlikdə öldürülən şəhidin atası-FOTO+ÖZƏL

"Orxan tarixçi idi. Nəinki Azərbaycanın, bütün dövlətlərin tarixini çox gözəl bilirdi. Qərbi Azərbaycanın, Nərimanlı kəndimizin tarixini bizdən yaxşı bilirdi. Gəlib otururdu babasının-yəni atamın yanında, deyirdi ki, "indi mən sənə Nərimanlı kəndinin tarixindən danışım, sən də dinlə". Həmişə deyirdi ki, "ata, mən təqaüdə çıxanda gedəcəm Sibirə, Altay dağlarına, orada türk dövlətləridir, onlar haqda araşdırma edib, kitab yazacam". Deyirdim ki, camaat pul yığıb mağaza açır, sən kitab yazmaq istəyirsən. Mənim sözlərimə məhəl qoymurdu".

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib. O daha sonra əlavə edib:

"Oğlumun qatili bu ilin may ayında edam olundu. Düzdür, təskinlik tapdım, amma sanki yenidən o hadisələri yaşadım. Təsəllim budur ki, oğlumun qanı yerdə qalmadı. Dünyada övlad acısından böyük acı yoxdur. İnsan öyrəşib ki, yaşa dolan ata, anasını itirsin. Bunu hardasa normal qəbul edirik. Ata övladın çiynində getməlidir, övlad atanın yox. Mən nə deyə bilərəm? (kövrəlir). Orxanın iki övladı var. İrandan öncə İstanbulda çalışırdı. Arzusu idi ki, övladı diş həkimi olsun. Qızı Bursada diş həkimliyini oxuyur. Çox təəssüf ki, qızının universitetə daxil olmasını görmədi. Oğlu 5-ci sinifdə oxuyur. Mən istərdim ki, o atasının sənətini davam etdirsin. Orxan tarixçi idi, diplomat idi. Evdə tarixə aid kitabları çox idi" deyə şəhid atası bildirib.

Rizvan Əsgərov bildirib ki, bir neçə il ard-arda oğlunun qatilinin edam olunması ilə bağlı müraciət edib:

"2023-cü ilin may ayı idi. Orxanın öldürülməsindən 5-6 ay keçmişdi. İranın Baş Prokurorunun müavini Bakıya rəsmi səfərə gəlmişdi. Bizi çağırdılar, dəvət etdilər və görüşmək istədiklərini bildirdilər. Mən də kiçik oğlumla getdim. İran dövləti adından bizə başsağlığı verdilər. Orda da bizə dedilər ki, ya edam hökmünü, ya da kompensasiya tələb edə bilərsiz. Mən həmin dəqiqə dedim ki, terrorçunun edam olunmasını istəyirik. Əvvəldən bizim istəyimiz terrorçunun edam olunması idi. Görüşdən sonra həmin prokuror işçisi məni qucaqladı. Onlara dedim ki,  bu məsələni həll edin. Çünki Azərbaycanla İran arasındakı münasibətlər sizin bu məsələnin həllindən asılıdır. Cənab Prezidentimiz İlham Əliyev də bu hadisələrdən mütəəssir olmuşdu. Hətta demişdi ki, terrorçu edam olunmasa biz orada səfirlik açmayacağıq. Sadəcə yeni seçkilərdə prezident seçilən Pezeşkian azərbaycanlı idi. Ölkə başçısı sırf bu səbəbə görə jest edərək edamdan öncə orada səfirliyin fəaliyyətə başlamasına icazə verdi. Prezident xarici jurnalistlərlə görüşündə də bu məsələni daim diqqətdə saxlayırdı. Sonra qəzetlərdə oxudum ki, İranın Xarici İşlər Naziri deyib ki, öldürülən şəxsin valideynləri edam üçün müraciət etməyiblər. Mən 2023-cü ilin mart ayından bu işlə məşğulam. Siz bir bilsəniz mən ora nə qədər rəsmi məktub yollamışam. Sonuncu sənədi bu ilin aprel ayında vermişəm. May ayında da terrorçu edam olundu. Mən İranda prokurorluqda olanda işçilərdən biri mənə kənarda bir qadını göstərib dedi ki, "doktor, o qadın terrorçunun həyat yoldaşıdır, bayaqdan ağlayır ki, mən o kişinin üzünə baxa bilmirəm". Həmin qadın kişinin əlindən gizli yolla Azərbaycana gəlmişdi. Hələ hadisədən 10 ay əvvəl. Qadın cənub bölgəsindəndir. Düzdür, ünsiyyətimiz olmadı. Amma vicdan əzabı çəkirdi, mənim üzümə baxa bilmirdi. Burada təbii ki, qadının heç bir günahı yox idi" deyə Rizvan Əsgərov bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Orxana şəhidlik statusu verilib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər