“Milli rabitə infrastrukturunun birdən-birə sıradan çıxarılması ciddi narahatlıq doğurur”
Naxçıvanda uzun illər fəaliyyət göstərən və muxtar respublikanın ən ucqar yaşayış məntəqələrinə belə 4G mobil rabitə və internet xidməti təqdim edən “Naxtel” operatoru qəfil fəaliyyətini dayandıracağını elan edib. Operator müştərilərə digər mobil operatorlara keçməyənlərin nömrələrinin ləğv olunacağını bildirib. Bu qərar telekommunikasiya sahəsində çalışanlar arasında ciddi təəccüb doğurub.
Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Naxtel”in bağlanması ilə bağlı məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Vasif Talıbov vəzifədən uzaqlaşdırıldıqdan sonra ona məxsus olduğu deyilən “Naxtel”in taleyi ilə bağlı uzun müddət qapalı müzakirələr aparılırdı. Hətta “Azercell” tərəfindən şirkətin satın alınacağı ilə bağlı məlumatlar yayılmışdı. Lakin birdən-birə bu qədər mühüm infrastrukturun sıradan çıxarılması ciddi narahatlıq doğurur.
Ekspertin sözlərinə görə, “Naxtel” Naxçıvanda ən geniş əhatəyə malik operator idi və 4G xidməti ilə ucqar kəndlərdə belə sabit rabitə təmin edirdi: “Hazırda “Azercell”, “Bakcell” və “Nar” yalnız şəhər və rayon mərkəzlərində fəaliyyət göstərə bilir. “Naxtel”in bağlanması ilə bir çox kəndlərdə insanlar rabitəsiz qalacaq, yaxud mobil telefonlarında ‘İrana xoş gəlmisiniz’ mesajı ilə qarşılaşacaqlar.”
Gündüz xatırladır ki, Naxçıvanın Ermənistanla sərhədi dağlarla əhatəlidir və uzun illər İran tərəfindən bölgənin informasiya məkanına müdaxilələr olub. Lakin “Naxtel”in baza stansiyaları gücləndirildikdən sonra bu müdaxilələrin qarşısı müəyyən qədər alına bilmişdi.
“İndi isə “Azercell”, “Bakcell” və “Nar”ın zəif infrastrukturu ilə bölgənin informasiya təhlükəsizliyi necə təmin olunacaq?” – deyə o sual edir.
Ekspert həmçinin vurğulayıb ki, bu qədər böyük operatorun bazardan çıxmasına baxmayaraq, İKTA-nın (İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafına cavabdeh qurum) prosesdə heç bir rol oynamaması təəccüblüdür: “Belə koordinasiyasız qərarlar yalnız tənzimləyici orqanı olmayan ölkələrdə mümkündür. Əgər sektorda bu cür spontan addımlar atılacaqsa, o zaman İKTA nəyə lazımdır?”
Osman Gündüz qeyd edib ki, Naxçıvan kimi strateji əhəmiyyətli bir bölgədə dayanıqlı rabitə infrastrukturunun birdən-birə sıradan çıxarılması, əhalinin hansı operatora keçəcəyini bilməməsi, mobil cihazlarda hansı ölkənin operatoru tərəfindən qarşılanacağını düşünməsi qəbulolunmazdır: “Bəlkə də “Naxtel”in infrastrukturu dağıdılmadan bu məsələni mərhələli şəkildə həll etmək mümkün idi. Burada söhbət təkcə rabitədən deyil, həm də milli təhlükəsizlikdən gedir.”
Ekspert vurğulayıb ki, qərarverici şəxslər bölgənin strateji və təhlükəsizlik aspektlərini nəzərə almalıdır. Onun fikrincə, “Naxtel”in bağlanması Naxçıvan əhalisinin mobil rabitəyə çıxışını və ölkənin informasiya təhlükəsizliyini ciddi şəkildə təhlükə altına atır. ("AzPolitika.info")