“İcra hakimiyyətləri Mütəllibovun dönəmindən keçmiş “raykom”ların bazasında yaradılıb...”
Cəmiyyət
1083
11:11, Bu gün

“İcra hakimiyyətləri Mütəllibovun dönəmindən keçmiş “raykom”ların bazasında yaradılıb...”

“Bir neçə rayon icra hakimiyyəti başçısının həbs edilməsi və həyata keçirilən təmizləmələr, təəssüf ki, hələ də vəziyyəti müsbətə doğru dəyişməyib...”
 
“Biz ən yaxın müttəfiqimiz və dostumuz Türkiyədə bələdiyyələrin  önəmli rolunu görürük və fəaliyyətinin cəmiyyət üçün nə qədər faydalı olduğuna şahidik. Azərbaycan Türkiyə nümunəsini gerçəkləşdirsə,  tez bir zamanda müsbət istiqamətdə dəyişikliklər özünü büruzə verəcək...”
 
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət elan edilib.  O.Hüseynzadə bu posta 2024-cü ilin noyabrında  təyin edilib. Ona göstərilən yüksək etimadı doğrulda bilməməsi və sonda cəzalandırılması İcra Hakimiyyəti və icra hakimiyyəti başçıları barədə mövzunu bir daha gündəmə gətirdi... 
 
Siyasi şərhçi Əli Orucov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, Prezidentin son sərəncamı həm də sözügedən qurumların ləğv edilməsini, əvəzində idarəetmənin təkmilləşdirilməsini , müasir dövrün tələblərinə uyğun qurulmasının və modernləşdirilməsinin vacibliyini aktuallaşdırdı. Rayon icra hakimiyyətləri Mütəllibovun dönəmindən keçmiş “raykom” deyilən rayon partiya komitələrinin bazası üzərində yaradılıb və keçid dövrü üçün nəzərdə tutulmuşdu. Lakin bu qurumlar dövrdən indiyədək qalmaqdadır və qaldıqca da inkişafa və tərəqqiyə mane olamqdadır. Doğrudur ,  “Yerli icra hakimiyyətləri haqqında”  əsasnamə 2012-ci il Prezident fərmanı ilə təsdiq edilsə də,  faktiki olaraq bu təsisat özünü doğrultmur və yerli idarəetmədə hegomonluq edir. İcra hakimiyyətləri bu günədək rayonların bütün strukturlarına və qurumlarına müdaxilə və təsir edə bilir. Və nəticədə real və tək hakimiyyət icra hakimiyyəti başçısının əlində cəmləşdirilir. Ona görə də vətəndaşlar onları bəzən haqlı olaraq “bölgələrin ağası”, yaxud “kiçik padşahlar”ı adlandırır”, -deyə davamında həmsöhbətimiz nəzərə çatdırıb. 
Əli Orucov əlavə edib ki, icra başçıları xalqla özləri arasında keçilməz sədd yaradırlar. 
 
“...Başçılar insanları bir çox hallarda narazı salırlar ki, bu da nəticə etibarı elə prezidentin nüfuzuna kölgə salınması kimi ədalətsizliyə yol açır.  Bir neçə rayon icra hakimiyyəti başçısının həbs edilməsi və həyata keçirilən təmizləmələr, təəssüf ki, hələ də vəziyyəti müsbətə doğru dəyişməyib. Bölgələrdə, elə paytaxt rayonlarında da neqativ hallar davam etməkdədir.  Qəribəsi odur ki, korrupsiyaya və digər cinayətlərə görə əməlləri məhkəmə tərəfindən sübuta yetirilən həmin icra başçıları cəzalardan asan və qısa müddətdə xilas ola bilirlər. Digərlərinin də ibrət götürəcəyi və səhvlərindən nəticə çıxaraçağı mexanizmlər işlənilməz vəziyyətə salınır”, -o, belə deyib.  
 
Siyasi şərhçi hesab edir ki, hər hansı bir yüksək vəzifəyə təyin olunanların hamısını ölkə başçısı şəxsən tanıya bilməz. 
 
“Həmin şəxsləri Prezidentə təqdim edənlər var.  Zənnimcə, belə kadrların, o cümlədən icra başçılarının işlərində yol verdiyi ciddi pozuntulara və törətdikləri cinayət əməllərinə görə çəkdikləri cəzalara onları təqdim edənlər də şərik olmalı, ən azı mənəvi məsuliyyət daşımalı və  kənarda qalmamalıdırlar. Digər tərəfdən, rayon icra hakimiyyətlərini 14 iqtisadi rayon üzrə birləşdirib Prezidentin xüsusu nümayəndəliyi institutunu yaratmaq daha optimal olardı. Bu eyni zamanda büdcənin də yükünü azaldardı. Həmin təcrübə özünü doğrultmaqdadır.  Yerli özünü idarəetmə isə bələdiyyələrə verilməli və  bələdiyyələrin qanunla verilmiş səlahiyyətlərinin həyata keçirilməsinə qeyri-rəsmi tətbiq edilən məhdudiyyətlər və maneələr aradan götürülməlidir”, - davamında bunları deyən həmsöhbətimiz qardaş Türkiyədən nümunə də gətirib:
 
“Biz ən yaxın müttəfiqimiz və dostumuz Türkiyədə bələdiyyələrin  önəmli rolunu görürük və fəaliyyətinin cəmiyyət üçün nə qədər faydalı olduğuna şahidik. Azərbaycan Türkiyə nümunəsini gerçəkləşdirsə,  tez bir zamanda müsbət istiqamətdə dəyişikliklər özünü büruzə verəcək”. 
 
“Xalqa hesabatlı olmayan istənilən qurumun fəaliyyətində həmişə ciddi nöqsanlar olacaq və bunun da qarşısını inzibatı yollarla, cəza üsulları ilə almaq mümkün deyil.  Xarici dil bilmək xalqın dilini bilmək, xalqı anlamaq demək deyil və təyinatlar kadrların dil biliyi, hansısa xarici dövlətlərin kurs və seminarda iştirakları barədə diplom və sertifikatları başlıca kriteriya kimi götürülməməlidr.  Sahəvi təcrübəyə, biliklərə və yerli xüsusiyyətlərə  önəm verilməlidir”, - deyə siyasi şərhçi vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər