"Bir zamanlar birlikdə olmaq sadəcə fiziki bir yaxınlıq deyildi. Bir stəkan çay ətrafında dərdləşmək, bayramlara birlikdə hazırlaşmaq, axşam süfrəsində söhbət etmək - Bunların hər birinin ayrı bir dəyəri var idi. Axşamlar ailə ilə birlikdə filmə baxmaq bir ritual idi. O filmin təsiri ilə gecəyə qədər danışar, düşünərdik. Toylar, yaslar - sevincin və kədərin paylaşılması idi. Kimsə vəfat edəndə, sükut çökər, televizorlar susar, insanlar dərdi bölüşərdi. Bəli, texnologiya yox idi. Amma biz bir-birimizə daha yaxın idik. İndi isə…"
Bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə yazıb.
Aparıcı texnologiyanın insanlar arasında yaratdığı soyuqluqdan şikayətlənib:
"Eyni masada oturub bir-biri ilə danışmayan insanlar görürəm. Hamı telefonda, başqa aləmdə. Sosial mediada xoşbəxt görünən insanlar gerçəklikdə susqun və uzaqdırlar. Analar uşaq qarşısına planşet qoyur, özləri də telefona dalırlar. Uşaq nə yediyini belə anlamır. Bizim analarımız nağıllarla, baxışla sevgi ötürərdi - indi isə baxışlar ekrana kilidlənib. Bəli, texnologiya dövrüdür. Amma bu, həm də tənha bir dövrdür. Sosial media - çağın ən təhlükəli bağımlılığına çevrilib. Əvvəllər narkotik, içki, qumar deyib qorxduğumuz şeylər var idi və var. İndi isə onlardan heç də geri qalmayan - telefon və sosial media bağlılığı var. Və bu vərdiş dəyərlərimizə daha böyük zərbə vurur: Məhəbbəti yox edir, söhbəti bitirir, valideyn-övlad münasibətini zəiflədir, ailə bağlarını qırır, boşanmalara, anlaşılmazlığa, soyuqluğa səbəb olur və ən qorxulusu: insanı özündən uzaqlaşdırır.
Təsəvvür edin, bir evin içində, eyni dam altında yaşayan insanlar bəzən gün ərzində bir-biri ilə bir saat belə danışmırlar. Halbuki bir zamanlar biz söhbətə tələsərdik, dərdimizi də, sevincimizi də paylaşardıq. "İnsan insanın dərmanıdır" deyərdilər. İndi isə insan insanın fonundakı dekorasiyaya çevrilib.
Bunları düşündükcə, yazdıqca içimdə bir sızıltı ilə keçmişin o səmimi, dəyərli anları gəlib keçdi gözlərimin önündən. Bir zamanlar adi görünən - bir süfrə ətrafında toplaşmaq, bir söhbətə dərinləşmək, bir baxışla anlaşmaq - indi əlçatmaz xatirələrə çevrilib. Doğrudur, texnologiya bizə dünya qapılarını açdı, amma evimizin qapısını örtdü. Paylaşmağı öyrətdi, amma dinləməyi unutdurdu. Məncə, itirdiklərimiz daha çoxdur". (Axşam.az)