Natiq Cəfərli: “Ötən illərlə müqayisədə daha yüksək xərc çəkməli olacağıq, çünki...”
Novruz bolluq və bərəkətin rəmzi sayılır. Hər il olduğu kimi, bu il də ailələr bayram süfrələrini zəngin etmək üçün alış-verişə başlayıb. Lakin bazarlardakı qiymətlər süfrələrin tərtibinə təsirsiz ötüşmür
Bəs bu il bir ailənin Novruz süfrəsi üçün minimum nə qədər xərc çəkməsi lazım gələcək?
Məsələ ilə bağlı “Yeni Müsavat” bazar və marketlərdəki qiymətlərlə maraqlanıb.
Şəkərbura, paxlava, qoğal... Bu şirniyyatlarsız Novruzu təsəvvür etmək mümkün deyil. Zəngin və ya kasıb olmasından asılı olmayaraq, hər ailənin süfrəsində olduğu kimi, bayram ənənələrinin ayrılmaz hissəsi olan bu şirniyyatların hazırlanması üçün kifayət qədər vəsait tələb olunur.
Hazırda bazarda bu məhsulların əsas inqrediyentlərinin qiymətləri belədir:
Un (1 kq) - 1,5 manat
Kərə yağı (1 kq) - 20 manatdan başlayır
Qatıq (1 kq) - 3-4 manat
Yumurta (10 ədəd) - 1,20-1,30 manat
Qoz ləpəsi (1 kq) - 16 manat
Fındıq ləpəsi (1 kq) - 15 manat
Şəkər tozu (2 kq) - 4 manat
Ədviyyatlar - 2 manat.
Bu məhsulların ümumi dəyəri minimum 70-80 manat edir.
Əgər şirniyyatları hazır almaq istəyirsinizsə, o zaman qiymətlər belə dəyişir:
Şəkərbura (1 ədəd) - 1,20 manat
Qoğal (1 ədəd) - 1 manat
Paxlava (1 kq) - minimum 20 manat.
Dörd nəfərlik bir ailə üçün 10 şəkərbura, 10 qoğal və 1 kiloqram paxlava nəzərdə tutulsa, bu, təxminən 50 manata başa gələcək.
Novruz süfrəsinin şahı, təbii ki, plovdur. Bəs plov bişirmək üçün nə qədər xərc tələb olunur?
Düyü (1 kq) - 5 manat
Ət (1 kq - mal əti) - 13-14 manat
Qoyun əti (1 kq) - 18-20 manat
Toyuq əti (1 kq) - 6-10 manat.
Əlavə məhsullar (yağ, soğan, ədviyyatlar və s.) - 20-25 manat.
Ümumi xərcləri hesablasaq, bir ailənin bayram süfrəsində plovun olması ən azı 40-50 manata başa gəlir.
Bayram süfrələrinin ənənəvi hissəsi olan meyvələrin də qiymətləri ötən illərlə müqayisədə artıb.
Mandarin (1 kq) - 3-4 manat
Banan (1 kq) - 3-4 manat
Alma (1 kq) - 2-3 manat
Portağal (1 kq) - 3-4 manat.
Bir ailənin bayram üçün meyvə alış-verişi ən azı 20-30 manata başa gələcək.
REAL-ın yeni sədri Natiq Cəfərli olacaq?
İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bu il bayram xərclərinin əvvəlki illərlə müqayisədə daha çox olacağını bildirib: “Əlbəttə, bunu dəqiq hesablamaq çətindir, çünki ailələrin gəlir səviyyəsi fərqlidir. Lakin orta statistik Azərbaycan ailəsinin gəlir səviyyəsini və Novruz bayramının uzunmüddətli olduğunu nəzərə alsaq, xüsusilə də bu il Novruzla Ramazan ayının ardıcıl gəlməsini düşünəndə, dörd nəfərlik bir ailənin bu bayramı yola verməsi üçün minimum 1000 manata yaxın xərc çəkəcəyi gözlənilir”.