Deputat Fazil Mustafanın nikah müqaviləsi ilə bağlı son çıxışı maraq doğurub. Belə ki, millət vəkili sazişin könüllü deyil, məcburi olmasını təklif edib.
Sitat: “Azərbaycanda vaxtilə evlənməmişdən öncə şəxslərin tibbi arayış əldə etməsini mentalitetə zidd hesab edirdilər. Zaman göstərdi ki, həmin tibbi müayinə mütləq olmalıdır ki, ailə quracaq şəxslər hər şeyi əvvəldən görmüş olsun. Bəlkə, hansısa bir xəstəlik var və bu, evliliyə maneə yaradacaq. Ona görə sözügedən addım nikah müqaviləsi üçün də tətbiq edilməlidir”.
Digər tərəfdən, bəziləri nikah müqaviləsinin məcburiliyinin bir sıra problemlərə yol açacağını düşünür. Bildirilir ki, bu, hətta evlilikdən imtina edənlərin sayını da artıra bilər.
Müqavilə məcburi olarsa, nikaha girənlər azalacaqmı?
Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deputatın fikrinin ağlabatan olduğunu deyib:
“İndi tərəflər mənəvi özəlliklərdən çox, maddi imkanları öyrənməyə çalışırlar. Əvvəllər mənəviyyata, zəkaya, savada, mədəniyyətə, mərhəmətə, ədalətə diqqət edirdilər. Hazırda maşının, evin, işin, maddi imkanların sərhədləri müəyyənləşdirilir. Dediklərim həm oğlanlara, həm də qızlara aiddir”.
Sosioloqun sözlərinə görə, hər şey qarşılıqlı gözlənti ilə həyata keçirilir:
“Məsələn, cehizin ən yaxşısı, əşyaların marka olması və sair tələb olunur. Ona görə də düşünürük ki, nikah müqaviləsi olarsa, cütlüklər məhkəmələrdə bu qədər çox mübahisə etməzdi. Əvvəllər sözügedən müqavilənin birmənalı əleyhinə olardım. “Sanki ailə yox, şirkət qurulur”, kimi düşünərdim. Amma fikrimcə, bu gün nikah müqavilələri ailələrin məhkəmə çəkişmələrinin qarşısını ala bilər”.