Son günlər Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə heyətinin sədri (AQSİA) Səkinə Babayeva barəsində qalmaqallı məlumatlar yayımlanmaqdadır.
Bir neçə gün əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) keçirdiyi reyd zamanı aşkar edilən nöqsanlar səbəbilə xanım sədr Səkinə Babayevaya məxsus olduğu deyilən "Bakı Tekstil Fabriki"nin fəaliyyəti dayandırılıb. Baş verən bu hadisə tez-tez tədbirlər təşkil edərək cəmiyyətə özünü nümunəvi lider obrazı kimi təqdim etməyə çalışan xanım sədrin rəhbər fəaliyyətinin heç də göründüyü (yaxud da göstərdiyi) kimi olmadığını aşkara çıxarmış oldu.
Bu dəfə isə AQSİA-nın keçmiş üzvlərindən olan Kəmalə Məmmədli (facebook: Kama Mamedova) şəxsi facebook hesabında Səkinə Babayeva ilə hələ də problem yaşadığından və xanım sədrin onun əmək hüquqlarını pozmasından şikayətlənib.
Yazını olduğu kimi təqdim edirik:
"Əziz dostlar!
Uzun zaman oldu ki, paylaşımlar etmirdim.
Çünki adı şişirdilərək çox "böyük", özü isə çox “kiçik” bir assosiasiyanın rəhbərliyi ilə problem yaşayırdım və bu gün də bu problem gündəmdədir.
Təəssüflə qeyd edim ki, bu xoşa gəlməz hal mənə həm mənəvi, həm də maddi ziyan vurub, sağlamlığıma təsir etdi. Deməli, 25.07.2024-cü il tarixində AQSİA-dan (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından) ərizə yazaraq ayrıldım. İşdən ayrılmağımın səbəbini sivil qaydada anlatdım, izah etdim. Lakin bu danışıqların yekunu əmək hüquqlarımın pozulması ilə nəticələndi. 28 avqust 2024-cü il tarixində AQSİA-dan Dövlət Əmək Müfəttişliyi Xidmətinə əmək hüquqlarımın pozulması ilə bağlı şikayətlə müraciət etdim, həmçinin ə/h bank çıxarışlarını da təqdim etdim. Çox maraqlıdır ki, ölkəmizdə qadın hüquqlarının müdafiəsi ilə bağlı lazımı qədər işlər aparılır, lakin Azərbaycanda guya qadın sahibkarları platforması olan AQSİA-nın sədri Səkinə Babayeva əmək hüquqlarımın pozulmasına yol verir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti AQSİA rəhbərliyi ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da, sənədlərin təqdim edilməsi ilə bağlı tələbinə reaksiya verilməyib. Bu da o deməkdir ki, AQSİA-nın sədri Dövlətin strateji qurumunun müraciətlərinə, qanunvericiliyə məhəl qoymur. Görəsən, əlaqədar qurumların bu xanımın davranışlarından xəbəri varmı? Ən önəmlisi isə yeni iş quran, biznes həyatına atılan gənc iş qadınları bu qurumun rəhbəri, "tanınmış iş qadını" sayılan Səkinə Babayevadan hansı örnək götürəcəklər? Haqqında olan məhkəmə cəlbi belə bu xanımı narahat etmirsə, bizim kimi haqsızlığa məruz qalan xanımlar başqa haralara müraciət etməliyik ki, bizim şikayətimizin bir nəticəsi olsun??? Sədr başa düşmür ki, bu platforma qadın inkişafına töfhə vermək üçün yaradılıb, hüquqları poznaq, gənc sahibkarların qarşısını kəsmək, intriqa yaratmaq, saxta görüntülərlə cəmiyyəti aldatmaq üçün yox! Mənim kimi əməyinə qiymət verilməyib, heç bir faydasını görməyib, Səkinə Babayevanın yalanlarından yorulub bu təşkilatdan ayrılan kifayət sayda qadın var. Bu qurum qadınlara dəstək üçün yaradılmışdı, təəssüf ki, tam əksinə, qadınları həm ruhdan salıb, həm də mənfi nümunədən başqa heç bir işə yaramadı. Bir qadın başqa qadınlara qarşı nə qədər sevgisiz ola bilər? Bir təşkilat rəhbəridirsə təşkilatına üzv olan qadınların hüququnu bu fotmadamı qoruyacaq?
Yaxın günlərdə Səkinə Babayevanın rəhbərlik etdiyi tikiş sexinin fəaliyyəti yenə də çox böyük qanun pozuntularına görə dayandırıldı. Bir rəhbər qadın sexdə çalışan onlarla xanımın təhlükəli vəziyyətdə çalışmasına necə göz yuma bilər? Cəmiyyətdə hər an , hər gün gündəmdə olmağa can atan bir qadın bu qədər məsuliyyətsiz ola bilərmi? Anlaşılan odur ki, bu qurumun sədri nə sahibkar kimi, nə QHT rəhbəri kimi, nə də bir qadın kimi dövlətin heç bir tələbinə riayət etmir.
Dostlar, Sizinlə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinin şikayyətlərimə əsasən verilən qərarı və cərimə protokollarını bölüşürəm."
QEYD: Yuxarıda təqdim etdiyimiz məlumatla bağlı AQSİA sədri Səkinə Babayevanın da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.