Bizi sosial şəbəkələrdən izləyin:
Gülü ən böyük arzusundan danışdı: “Rəmişin şəxsi əşyalarını ora verəcəm...
“Rəmişdən sonra mən nə bayram edirəm, nə də toylara gedirəm. Ölənə qədər bayram etməyəcəm. Hüzür yerlərinə, yas məclislərinə gedirəm. Mən heç bayramda yemək də bişirmirəm. Yeməyim belə üç günlərlə qalır. Heç yeyə də bilmirəm. Tək kimlə stol arxasında oturum? Mən uşaq evində böyümüşəm. Bir Allahım vardı, bir də Rəmişim. Heç nəyə həvəsim yoxdur. İnanın, Rəmiş rəhmətə gedəndən bir ayaqqabı da alıb geyinməmişəm. Rəhmətliyin vaxtında nə almışamsa onları geyinirəm. Heç yerə də getmirəm, evdəyəm. Aşağı düşüb, bazarlıq edib evə qayıdıram”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rəmişin həyat yoldaşı Gülü deyib. O daha sonra Rəmişlə bağlı arzusundan danışıb:
“Rəmişin şəxsi əşyaları, gitarası bu gün evimizdədir. Onları Ağdamda muzey açılan kimi ora təqdim edəcəm. İnanıram ki, Ağdam əvvəlki görkəminə qayıdacaq və orada mədəniyyət ocaqları tikiləcək. Rəmiş Ağdamın Abdal Gülablı kəndindən idi, amma şəhərin özündə yaşayırdılar. Rəmişsiz Ağdama da getməmişəm. Kiminlə gedəcəkdim? Rəmişin ata yurdunu da dağıdıblar” deyə o bildirib.
Gülü bildirib ki, heç yerdə işləmir:
“Mən heç vaxt maddi və sosial vəziyyətimi heç kimə bildirmirəm. Ac da olsam kimsə soruşsa deyərəm ki, kabab yeyib oturmuşam. Heç yerdə işləmirəm, evdə oturub pensiyamla dolanıram” deyə o bildirib.
Rəmişin həyat yoldaşı efirlərdə dünyasını dəyişən sənətkarlar haqda verilişlərin az olduğunu bildirib:
“Efirlərdə mədəniyyətimiz layiqincə təbliğ olunmalıdır. Bu təbliğat zəifdir. Mən eşitmirəm ki, kimsə Rəmişin adını çəksin. Çəksələr də bu çox azdır. Tək onun yox, heç Zöhrə Abdullayevanın da adını çəkən yoxdur. Allah dünyasını dəyişən bütün sənətkarlara rəhmət etsin” deyə o bildirib.