Sosial şəbəkədə uşaqların oruc tutmasının tibbi baxımdan doğru olmadığı və məktəblərdə oruc tutmaqla bağlı təbliğat aparıldığı haqda fikirlər yer alıb. Belə ki, tanınmış həkim Aydın Əliyevin “son vaxtlar təəssüflər olsun ki, uşaqlar arasında oruc tutmaq hətta məktəblərdə belə təbliğ edilir və tutmayanlara qarşı sanki bir təpki göstərilir, əksər uşaqlar basqı altında oruc tutur” fikirləri təpki ilə qarşılanıb. Təhsil ekspertləri bu fikirlərin doğru olmadığını bildirib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Elşən Qafarov bildirib ki, bu paylaşımda yalnız uşaqların, məktəblilərin oruc tutmasının onları zəiflətməsi fikri ilə razıdır. Digər fikirləri isə yanlışdır:
“Mən həkimin sözləri ilə razı deyiləm. Məktəblərdə oruc tutmaqla bağlı hər hansı təbliğatın getdiyinə inanmıram. Bu gün cəmiyyətimizdə, ailələrdə oruc tutanların sayı artdığı üçün uşaqlar da onlara baxıb oruc tuturlar. Amma valideynlər bilməlidirlər ki, uşaqların inkişaf dinamikası, onların fizioloji xüsusiyyətləri, məktəbdə və məktəbdən sonrakı saatlarda həddən artıq dərslə yüklənməsi böyük enerji itkisidir və uşaqların oruc tutması ən azı tədris prosesi dövründə onların sağlamlığına ciddi təsir göstərir. Xatırlayırsınızsa, bir qədər əvvəl oruc tutan uşaqlardan biri başgicəllənməsi nəticəsində binadan yıxılaraq dünyasını dəyişdi. Ona görə də, bu məsələyə valideynlər xüsusi diqqət eləməlidirlər”.
Ekspert qeyd edib ki, cəmiyyətdə baş verən və doğru olmayan bütün hadisələri məktəbin ayağına yazmaq olmaz:
“Ola bilər şagird fiziki cəhətdən sağlam görünə bilər. Amma onlar tədris prosesində - istər məktəbdə olduğu vaxtda, istər məktəbdən sonrakı vaxtda, repetitor yanında həddən artıq enerji itirirlər. Üstəlik indi yaz aylarıdır. Uşaqların orqanizminin vitaminlərə ehtiyacı olduğu zamandır. Yəni hamımız bilirik ki, bu, inkişaf dövründə xüsusi dönəmdir. Bu mənada onların oruc tutmasını mən də məqsədəmüvafiq hesab etməzdim.
Amma bu məsələdə məktəbi günahlandırmaq doğru deyil. Məktəblərimizdə heç bir dini təbliğat aparılmır. Bu məsələyə xüsusi qurumlar, hüquq-mühafizə orqanları həkimin düşündüyündən də qat-qat ciddi nəzarət edirlər. Bu baxımdan həmin fikir absurd, məntiqsizdir. Bəli, təhsilimizdə ciddi problemlər var. Onları biz də bilirik. Amma baş verən hər şeyi, haqlı-haqsız məktəblərin üstünə yıxmaq bu, doğru yanaşma deyil. Yaxşı olar ki, həmin həkim bunu yox, uşaqların sonuncu dəfə nə zaman dispanserizasiyadan keçdiyini araşdırsın”.