Torpaq Çərşənbəsi yazın gəlişini simvolizə edən dörd çərşənbədən sonuncusudur və Novruz bayramına birbaşa hazırlıq mərhələsi hesab olunur.
Moderator.az xəbər verir ki, bu çərşənbə yerin oyanışı, məhsuldarlıq və bolluqla əlaqələndirilir.
Bəs Torpaq Çərşənbəsində nələr etmək lazımdır? Moderator.az Musavat.com-a istinadən maraqlı adətləri təqdim edir:
Evlərin və həyətlərin təmizlənməsi – İnsanlar bu gün evlərini, həyətlərini və bağlarını təmizləyir, köhnə əşyaları atır, evi bahara hazır vəziyyətə gətirirlər.
Torpaqla bağlı rituallar – Bəzi yerlərdə torpaqdan götürülən bir ovuc hissə evin içində müəyyən yerlərə səpilir ki, ev bərəkətli və bol olsun.
Ağac əkilməsi və bağ işləri – Torpaq Çərşənbəsi günü bağçılıq işlərinə başlamaq uğurlu sayılır. İnsanlar meyvə ağacları əkir və torpağı becərirlər.
Şam yandırmaq – Axşam ailə üzvləri şam yandırır və bu, torpağın oyanmasını, işıqlı gələcəyi simvolizə edir.
Yumurta boyamaq və sındırmaq – Novruz adətləri arasında olan bu ənənə də Torpaq Çərşənbəsində edilir. İnsanlar bir-biriləri ilə yumurta döyüşdürürlər.
Köhnə çörək və duzun torpağa basdırılması – Köhnə inanclara görə, evdə qalan çörək və duzu torpağa basdırmaq ruzinin artacağına işarədir.
Yumurta basdırmaq adəti – Bəzi bölgələrdə insanlar bir neçə rəngli yumurtanı torpağa basdırır və inanırlar ki, bu, məhsuldarlığı artırır.
Qulaq falı – Qızlar və gənc oğlanlar Torpaq Çərşənbəsi axşamı qulaq falına çıxırlar. Evlərin, həyətlərin qapısı arxasında dayanaraq eşitdikləri ilk sözləri yozurlar.
Axır çərşənbə tonqalı – Digər çərşənbələrdə olduğu kimi, Torpaq Çərşənbəsində də tonqal qalanır və insanlar tonqalın üzərindən atlayaraq “Ağırlığım, uğurluğum odda yansın” deyirlər.
Mərasim yeməkləri – Bu gün süfrədə xüsusilə plov, şorqoğalı, şəkərbura, paxlava, müxtəlif qovrulmuş çərəzlər və səməni olmalıdır.
Torpaq Çərşənbəsi insanlar üçün bərəkət və yenilənmə rəmzidir. Bu gün edilən adətlər Novruzun gəlişinə hazırlıq və torpağın məhsuldar olması üçün dualarla müşayiət olunur.