Bu gün ilaxır çərşənbədir və Novruz bayramına sayılı günlər qalıb. Bütün türk dünyası, bu qədim bayramı coşqu ilə qeyd etməyə hazırlaşır. Novruz, təkcə Azərbaycan və digər Türk dövlətləri üçün deyil, həm də dünya miqyasında minilliklər boyu yaşadılan bir mədəniyyətin, birlik və bərabərliyin simvoludur. Vaxtaşırı xaricdə yaşayan soydaşlarımız, öz vətənlərindəki Novruz bayramı atmosferini yaşamaq və bu qədim ənənələri davam etdirmək üçün müxtəlif tədbirlər təşkil edir, bir araya gəlir və öz mədəniyyətlərini yaşadırlar.
Polşada 8 ildir yaşayan və Azərbaycanı layiqincə tanıdan Yusif Əfəndizadə Moderator.az-a bildirib ki, hər il Novruz bayramını Polşanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə birgə qeyd edirlər:
"Novruz bayramını böyük və ya kiçik tədbirlər şəklində möhtəşəm şəkildə qeyd etmək bizim üçün çox önəmlidir. Hər il şəkərbura, paxlava, səməni və tonqal kimi Novruzun ənənəvi simvollarını unutmadan bu bayramı qeyd edirik. Keçən il Varşavada 150 nəfərlə böyük bir Novruz tədbiri təşkil etdik. Tədbirimizə Varşava, Poznan kimi şəhərlərdən olan azərbaycanlılar, həmçinin Qazaxıstan və Özbəkistandan dostlarımız da qatıldı. Azərbaycan milli mətbəxinin ləziz təamlarından dadıb, samovar çayı içərək Novruzun ab-havasını yaşadıq. Xonçalar hazırlayıb yumurta döyüşdürdük, ənənəvi yallı rəqsimizlə və milli musiqilərimizlə əyləndik. Bu cür tədbirlər Azərbaycan mədəniyyətini tanıtmaq və ənənələrimizi yeni nəsillərə ötürmək baxımından çox vacibdir. Eyni zamanda, Polşadakı digər icmalarla əlaqələrimizi gücləndirmək üçün də böyük fürsətlər yaradır."
Y. Əfəndizadə bildirib ki, Novruz bayramının Polşada geniş tanıdılması zamanla daha çox insanın diqqətini çəkəcək:
"Məsələn, bu il Adam Mickiewicz Universitetində Novruz tədbiri təşkil olundu. Burada təhsil alan azərbaycanlı tələbələr bayramın mənasını və ənənələrimizi digər tələbələrə tanıtdılar. Hətta polşalı tələbələr Novruzun tarixi və məntiqi haqqında suallar verərək maraq göstərdilər. Bununla yanaşı, Varşavadakı həm özəl, həm də dövlət universitetlərində kiçik Novruz şənlikləri keçirilir. Bu tədbirlərdə tələbələr milli rəqslər nümayiş etdirir, xonça hazırlayır və Azərbaycan mədəniyyətini Polşa cəmiyyətinə tanıdırlar. Eyni zamanda, açıq bazarlarda keçirilən festivallarda da ölkəmizin mədəniyyətini tanıdır, milli mətbəximizin zənginliyini nümayiş etdiririk."
Y.Əfəndizadə qeyd edib ki, Polşada Novruzun qeyd olunmasının bəzi çətinlikləri var:
"Azərbaycandan fərqli olaraq, mart ayında Polşada hava isti olmur. Küləkli, çiskinli hava səbəbindən tonqal yandırmaq və açıq havada yallı rəqsi keçirmək çətinləşir. Novruz təamlarını tapmaq da problem yaradır, amma son illərdə bu məsələdə irəliləyiş var. Çünki Azərbaycandan gələn xanımlar burada bu təamları hazırlayıb təqdim edirlər. Əvvəllər Novruz üçün məkan tapmaq çətin idisə, indi artıq müəyyən yerlərdə böyük tədbirlər keçirmək mümkündür. Keçən il 150-200 nəfərlik tədbirlər təşkil etdik və bu il də Krakov və Varşavada genişmiqyaslı Novruz şənlikləri keçirməyi planlaşdırırıq."
Diaspora üzvü vurğulayıb ki, Novruzun xaricdə qeyd olunmasının əsas məqsədi azərbaycanlıları bir araya gətirmək, ənənələri yaşatmaq və Azərbaycan mədəniyyətini dünyaya tanıtmaqdır:
"Xaricdə yaşayan azərbaycanlılar üçün bu bayramın xüsusi mənası var. Müharibə səbəbindən uzun müddət Ukraynada yaşayan və hazırda Polşaya köçən soydaşlarımız bildirirlər ki, onlar uzun müddətdir belə bir ab-hava yaşamamışdılar. Novruz tədbirlərində iştirak edərək özlərini yenidən Azərbaycandakı kimi hiss edirlər. Bu tədbirlər onlar üçün unudulmaz bir təcrübəyə çevrilir. Biz də Azərbaycan diasporası olaraq bu ənənəni yaşatmaq və genişləndirmək üçün hər il tədbirlər təşkil etməyə davam edəcəyik".
Mehin Mehmanqızı
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "diaspora quruculuğu, lobbiçilik və dünya azərbaycanlıların həmrəyliyi” mövzusunda hazırlanıb.