Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin Pakistana səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMSTECH) Baş Koordinatoru Məhəmməd İqbal Çoudhari ilə rəsmi görüş keçirilib. Görüş zamanı BDU-nun COMSTECH-lə qarşılıqlı əməkdaşlıq imkanları, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi, üzvlük və birgə proqramların həyata keçirilməsi məsələləri ətraflı müzakirə edilib.
Moderator.az xəbər verir ki, müzakirələrin nəticəsi olaraq, Bakı Dövlət Universiteti ilə COMSTECH arasında anlaşma memorandumu imzalanıb. Bu mühüm sənəd iki qurum arasında elm və texnologiya sahəsində əməkdaşlığı daha da möhkəmləndirmək, birgə tədqiqat layihələrinin icrasını təşviq etmək və BDU-nun beynəlxalq elmi proqramlardan faydalanmasını təmin etmək məqsədi daşıyır. Memorandumun imzalanma mərasimində Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov iştirak edib. Səfir Xəzər Fərhadov bu əməkdaşlığın Azərbaycan və Pakistan arasında elmi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.
BDU üçün bu əməkdaşlıq böyük perspektivlər açır. Universitet COMSTECH-in elmi qrant və təqaüdlərindən faydalanmaq, müxtəlif sahələrdə ortaq elmi-tədqiqat işlərinə qoşulmaq imkanı əldə edir. Bu, xüsusilə fundamental və tətbiqi elmlər sahəsində yeni layihələrin reallaşdırılmasına, doktorant və tədqiqatçıların beynəlxalq təcrübə proqramlarında iştirakına şərait yaradacaq.
Cari ilin iyun ayında Bakıda İƏT-in Elm və Texnologiya üzrə Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin 29-cu iclası keçiriləcək. Bu tədbir İƏT üzv dövlətlərinin elm və təhsil sahəsində əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı Dövlət Universiteti bu toplantıda aktiv iştirak edərək, elmi-tədqiqat sahəsindəki nailiyyətlərini təqdim edəcək, eyni zamanda üzv ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarını genişləndirmək istiqamətində müzakirələr aparacaq.
Qeyd edək ki, COMSTECH 1981-ci ilin yanvarında Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən İƏT-in üçüncü İslam zirvə toplantısında yaradılıb. Təşkilatın əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında elm və texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə, elmi potensialın artırılmasına və innovativ layihələrin dəstəklənməsinə töhfə verməkdir. COMSTECH-in sədri Pakistanın Prezidenti, həmsədri isə Baş naziridir. Təşkilat elmi biliklərin inkişafına yönəlmiş müxtəlif təqaüd, qrant və layihələr həyata keçirir və üzv ölkələrin alimlərini dəstəkləyir.