Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda "çörəkpulu" verilən keçmiş məcburi köçkünlərin sayı xeyli azalıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra "çörəkpulu"nun verilməsinin dayandırılması ilə bağlı fikirlər səsləndirilir. Nazirlər Kabinetinin ötən həftə açıqladığı hesabata görə, 2024-cü il il ərzində keçmiş məcburi köçkünlərin siyahılarında aparılmış dürüstləşmələr nəticəsində “çörəkpulu” alanların sayı 39100 nəfər azalıb.
2024-cü ilin sonuna dövlətdən vahid aylıq müavinət (“çörəkpulu”) alan keçmiş məcburi köçkünlərin sayı 408 400 nəfər olub. Həmin şəxslərdən 50 200 nəfər 33 manat, 358 200 nəfər isə 60 manat müavinət alanlardır.
Bu məqsədlə dövlət büdcəsindən keçmiş məcburi köçkünlərə ümumilikdə 287 207,7 min manat məbləğində vəsait xərclənib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a bildirib ki, mövcud qaydalara əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə bilirlər:
"Keçmiş məcburi köçkünlərə verilən müavinət Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Hazırda mövcud qaydalara əsasən, keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il ərzində malik olduqları imtiyazlardan istifadə edə bilirlər. Uzun müddət işğal altında olmuş ərazilərimizdən məcburi köçkün düşmüş və hazırda digər ərazilərimizdə məskunlaşan vətəndaşlarımız da bu imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Onların "çörəkpulu" adlandırılan müavinəti almaq hüquqları var. Bununla bağlı qaydalarda dəyişiklik yoxdur. Nazirlər Kabinetinin qaydalarına uyğun tənzimləmələr həyata keçirilir".
Deputat vurğulayıb ki, ötən il sahibkarlıq fəaliyyəti ilə məşğul olan keçmiş məcburi köçkünlərə sosial müavinətin, yəni "çörəkpulu"nun verilməsi dayandırılıb. Eyni zamanda aşağıdakı kateqoriyalardan olanların da müavinəti kəsilib:
"Adına şəxsi mənzil olan, dövlət qulluğunda çalışan, o cümlədən bir müddət xaricdə yaşayan keçmiş məcburi köçkünlərin də sosial müavinətləri artıq ödənilmir. Amma yenə deyirəm ki, hazırda imtiyaza malik olan keçmiş məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıtdıqdan sonra 3 il müddətində "çörəkpulu" alacaqlar".