Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib
Cəmiyyət
293
16:55, Bu gün

Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib

Martın 15-də Elm və Təhsil Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Lənkəran şəhərində regionlarda təhsilin keyfiyyətinin artırılması məsələlərinə həsr olunmuş görüş keçirilib.
 
 
Görüş iştirakçılarını salamlayan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə  ölkədə təhsil sahəsində aparılan islahatların vacibliyini vurğulayıb. O, xüsusilə regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsinin yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə deyil, eyni zamanda müəllim hazırlığının, metodikanın və şagirdlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə mümkün olduğunu bildirib. Fariz İsmayılzadə çıxışı zamanı ölkədə və beynəlxalq arenada tətbiq olunan müasir təhsil modellərindən, ADA Universitetinin bu istiqamətdə həyata keçirdiyi layihələrdən və gələcək əmək bazarının tələblərinə uyğun kadr hazırlığının əhəmiyyətindən danışıb.
 
 
Sonra “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Təbriz Rzayev “Regional İnkişaf” İctimai Birliyinin inklüziv təhsilin təşviqi, bu sahədə müəllimlərin bilik və bacarıqlarının artırılması, aztəminatlı və digər həssas kateqoriyadan olan şəxslərin təhsilinə dəstəyin göstərilməsi, məktəblilərin düzgün ixtisas seçimi barədə maarifləndirilməsi, ali təhsil pilləsində ixtisasların təkmilləşdirilməsi və digər istiqamətlərdə mütəmadi layihələr həyata keçirdiyini bildirib, bugünkü görüşün də təhsil problemlərinin həlli və keyfiyyətinin artırılmasında önəmini vurğulayıb.
 
 
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Hafiz Pənahov isə təhsil sahəsində aparılan islahatların əhəmiyyətindən və bu kimi tədbirlərin regionlarda təhsil keyfiyyətinin artırılmasına töhfə verəcəyindən danışıb.
 
Daha sonra panel müzakirələrə start verilib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında ali təhsil müəssisələrinin innovasiya və tədqiqat mərkəzləri kimi fəaliyyət göstərməsinin vacibliyindən bəhs edib. O, universitetlərdə elmi-tədqiqatların genişləndirilməsi, tələbələrin analitik və tənqidi düşünmə bacarıqlarının inkişaf etdirilməsi üçün yeni metodologiyaların tətbiqinin zəruriliyini qeyd edib.
 
ADA Universitetinin prorektor məsləhətçisi Anar Vəliyev universitet təhsilini inkişaf etdirməyin yolları, daha yaxşı araşdırma üsullarından danışıb. O, həmçinin, ADA Universitetinin beynəlxalq əməkdaşlıqları, xaricdə təhsil imkanları və tələbələrin qlobal trendlərə uyğun bilik və bacarıqlarla təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
 
 
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının Karyera planlaması şöbəsinin müdiri Əli Qurbanlı balanslı karyera inkişafı, düzgün seçimlər etmək üçün özünüdərkin əhəmiyyəti, əmək bazarının gələcəyi barədə fikirlərini bölüşüb.
 
 
 
Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev “Şagird nailiyyətlərinin inkişafında əsas problemlər” mövzusunda iştirakçılara məlumat verib.
 
 
Panel müzakirələr sual-cavab və müzakirələr ilə işini davam etdirib. 
 
 
Link kopyalandı!
Son xəbərlər