Bayram günlərində rayona gedənlərin NƏZƏRİNƏ
Cəmiyyət
214
12:39, Bu gün

Bayram günlərində rayona gedənlərin NƏZƏRİNƏ

Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 19-dan 31-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
 
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
 
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
 
Vətəndaşlar biletləri //biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.
 
Qeyd edək ki, hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Link kopyalandı!
Son xəbərlər