“Rəsulzadə xaricdən yazdığı məktubda iclasları Xudu Məmmədovun Mərzilidəki əmisinin evində keçirməyi tövsiyə edib...”
Cəmiyyət
1640
15 Mar 2025 | 17:47

“Rəsulzadə xaricdən yazdığı məktubda iclasları Xudu Məmmədovun Mərzilidəki əmisinin evində keçirməyi tövsiyə edib...”

30-cu illər repressiyası dönəmində Vətənimizdə üç mindən artıq kəndli məhv edilmişdir...”
 
“Təəssüf ki, 23 nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Ağdam rayonunun Mərzili kəndi diqqətdən kənarda qalmış, adı çəkilməmişdir...”
 
Mart ayı hər il baharın gəlişi, çərşənbələr, Bahar-Novruz bayramı ilə xalqımıza sevinc gətirsə də, təəssüf ki, tariximizdə bir çox faciəvi hadisələr də bu aya təsadüf edib. Bunlardan ən çox yadda qalanı, əlbəttə ki,  Rusiya imperiyasının fətvasıyla daşnak və bolşevik kisvəsinə bürünmüş ermənilər tərəfindən Bakıda törədilmiş 1918-ci il 31 mart(köhnə stillə 18 mart) soyqırımıdır. Qeyd edək ki, məhz həmin soyqırım olayları paytaxtımızda rus-erməni-bolşevik ruhunun, onların gizli dayaqlarının möhkəmlənməsinə və iki il sonra Azərbaycanın ilk müstəqil demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalına və süquta yetirilməsinə şərait yaratmışdır. Və əslində xalqımızın milli qeyrətli övladlarına qarşı soyqırım bundan sonra çeşidli üsul və vasitələrlə daha əzmlə davam etdirilmişdir. 1920-1930-cu illərdəki Stalin-Bağırov repressiyaları da bolşevik-kommunist sovet imperiyasının ən effektiv soyqırım üsullarından biri idi. Çünki xalqın say-seçmə qeyrətli, savadlı, müstəqil və milli düşüncəli oğul-qızları “xalq düşməni” adıyla seçilib ya güllələnir, ya sürgün edilir, geridə isə əsasən əmrqulu, üzüyola, kölə xislətli, hətta təəssüf ki, bilərəkdən istibdad rejiminə yaltaqlanan, öz salamatlıqları, pul qazanmaqda, vəzifələrində irəliləmək üçün həmin rejimə qarşı çıxış edənləri ifşa edən, eləcə də Lenini, Stalini, Bağırovu mədh edənlər qalırdı... Repressiyalar yalnız Bakıda, Gəncədə  və digər şəhərlərdə deyil, həm də kəndlərimizdə aparılırdı...
BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, fəlsəfə doktoru Boran Əzizin "Ağdam rayonunun Mərzili və başqa kəndlərindən repressiya edilmişlər” adlı kitabı da məhz bu mövzuya həsr edilib.
 
Özü də Mərzili kəndinin yetirməsi olan müəllif kitabın girişində yazır:
 
“Kitabda Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən günahsız yerə qırmızı terrorun qurbanları haqqında geniş məlumatlar ilk dəfə arxiv materialları əsasında araşdırılaraq elmi dövriyyəyə daxil edilmişdir. Oxucuların – geniş ictimayyətin, elmi dairələrin diqqətinə çatdırılan məlumatlar yalnız istintaq materialları əsasında hazırlanmışdır. Tarixşünaslığımızda indiyə qədər repressiya ilə bağlı aparılmış araşdırmalarda kolxozçuların kütləvi şəkildə həbs edildiyi İsmayıllı rayonunun Kürdmaşı kəndinin, Şamaxı rayonunun Təklə kəndinin adı qeyd edilmişdir. Təəssüf ki, iyirmi üç nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Ağdam rayonunun Mərzili kəndi diqqətdən kənarda qalmış, adı çəkilməmişdir. Monoqrafiyadakı məlumatlar həmin boşluğu aradan qaldırmaq yolunda bir cəhddir. Ayrı-ayrı elm, təhsil ocaqlarında, idarə və müəssisələrdə, rayonlarımızda və onların kəndlərində Sovet işğal rejiminin amansızlıqla həyata keçirdiyi qırmızı terror geniş və əhatəli şəkildə araşdırılmayınca, problemin tam öyrənildiyini iddia etmək mümkün deyil. Şübhəsiz ki, tarixşünaslığımızda bu sahədə indiyə qədər ciddi bir boşluq var. Bu araşdırma problemin öyrənilməsindəki boşluğu müəyyən qədər aradan qaldıra bilər. İnanırıq ki, dəyərli oxuculara təqdim edilən hər belə araşdırmalardan sonra kommunistlərin Sovet dövlət orqanları vasitəsilə Vətənimizdə həyata keçirdiyi qırmızı terrorun dəhşətli mənzərəsi daha da aydınlaşacaq...”
Moderator.az Rusiya imperiyasının özünün Azərbaycandakı canişinləri, casusları vasitəsilə xalqımızın kəndlərdə yaşayan sadə, zəhmətkeş  başına gətirdikləri müsibətlərin bir daha və daha dərindən anlanılması üçün sözügedən kitabın ən maraqlı parçalarını oxucularımızın nəzərinə çatdırır: 
 
"...Repressiya ilə bağlı Azərbaycanda və xarici ölkələrdə xeyli sayda tədqiqatlar aparılıb, ümumiləşdirilmiş əsərlər yazılıb. Ancaq Azərbaycan tarixşünaslığında indiyə qədər repressiya ilə bağlı aparılmış araşdırmalarda, çap edilmiş materiallarda, əsasən, bütün kolxozçuların kütləvi şəkildə həbs edildiyi, onlardan 63 nəfərinin güllələndiyi İsmayıllı rayonunun Kürdmaşı kəndinin, 60 nəfər günahsız adamın güllələndiyi Şamaxı rayonunun Təklə kəndinin adı qeyd edilib. Təəssüf ki, 23 nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Ağdam rayonunun Mərzili kəndi diqqətdən kənarda qalmış, adı belə çəkilməmişdir.
Ümumiyyətlə, 30-cu illər repressiyası dönəmində Vətənimizdə üç mindən artıq kəndli məhv edilmişdir. Qeyd edək ki, ayrı-ayrı elm və təhsil ocaqlarında, idarə və müəssisələrdə, rayonlarımızda və onların kəndlərində Sovet işğal rejiminin amansızlıqla həyata keçirdiyi qırmızı terror geniş və əhatəli şəkildə araşdırılmayınca, problemin tam öyrənildiyini iddia etmək mümkün deyil. Şübhəsiz ki, tarixşünaslığımızda bu sahədə indiyə qədər ciddi bir boşluq var. Ona görə də belə hesab edirik ki, araşdırma problemin öyrənilməsindəki boşluğu müəyyən qədər aradan qaldıra bilər. Onu da bildirək ki, buradakı bütün arxiv materialları ilk dəfə elmi dövriyyəyə tərəfimizdən daxil edilmişdir. Dəyərli oxuculara təqdim edilən bu araşdırma həmin boşluğu aradan qaldırmaq yolunda kiçicik bir cəhddir. İnanıram ki, hər belə araşdırmalardan sonra kommunistlərin Sovet dövlət orqanları vasitəsilə Vətənimizdə həyata keçirdiyi qırmızı terrorun dəhşətli mənzərəsi daha da aydınlaşacaq...
 
*** *** ***
...Mərzili camaatı qonaqpərvərliyi, əliaçıqlılığı, sözübütövlüyü, etibarlılığı ilə tanınmışdır. Bu kənddəki etibarlı adamlar, Cümhuriyyət ideyalarına bağlı kişilər haqqında məlumata M.Ə.Rəsulzadənin Yevlaxlı Qamboy ağaya yazdığı məktubda da rast gəlirik. Bu təsadüfi olmayıb, kəndin bolşevik rejimi ilə barışmayan kişilərinin ona qarşı imkanları daxilində qanı, canı bahasına olsa da, mübarizə aparması ilə bağlı idi.
Təsadüfi deyil ki, milli azadlıq hərəkatımızın IV dövrünün 1920-1930-cu illərindəki mərhələsində Sovet işğal rejiminə qarşı gizli mübarizə aparan Müsavat Partiyasının özəklərindən biri də Ağdam rayonunun Mərzili kəndində olmuşdur. Məlumdur ki, Azərbaycanda hakimiyyəti ələ keçirən işğalçı bolşeviklər gizli fəaliyyətə keçmiş Müsavatın mərkəzi və yerli təşkilatlarına qarşı sərt təqiblərə başlamış, onun rəhbərləri və üzvlərinə qarşı amansız davranaraq güllələmiş, xeyli hissəsini isə həbs edərək Rusiyaya, Sibirə, Solovki adalarına sürgünə – ölüm düşərgələrinə göndərmişdilər. 1990-cı illərin əvvəllərində mətbuatda gedən bir yazı da qeyd edilmişdir ki, belə təqiblərə, sərt tədbirlərə baxmayaraq işğalçı rejimə qarşı mübarizə aparmaq zərurətini nəzərə alan M.Ə.Rəsulzadə, partiyanın həbs olunmayan rəhbərlərinə, bölgələrdəki inandığı adamlara məktub yazaraq yerlərdə özəklərin fəaliyyətinin bərpa edilməsinin vacibliyini bildirmişdi. Belə məktubların birini də M.Ə.Rəsulzadə Yevlaxın Qaraman kəndindən olan Qamboy ağaya yazmışdı. Məktubdan aydın olur ki, o, Mərzilidən Allahverdi Xudaverdioğluna etibar etməyin, hətta onun evində iclasları keçirməyin mümkünlüyünü bildirmişdi. 1920-30-cu illər hadisələrinin şahidi olaraq Mərzilidə yaşamış kişilərin keçən yüzilin 70-ci illərində danışdıqlarına, belə adamların söhbətlərinin şahidi olmuşların dilindən eşitdiklərimə görə, böyük alimimiz Xudu Məmmədovun əmisi olan Allahverdi kişi Müsavat Partiyasının Mərzili özəyinin rəhbəri olmuşdur...”
 
(Davamı var)
 
Boran Əziz, BDU-nun dosenti.
 
Təqdim etdi:
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər