“ “Azərbaycanfilm” kinostudiyasını necə  qorumalıyıq?
Cəmiyyət
487
14 Mar 2025 | 23:32

“ “Azərbaycanfilm” kinostudiyasını necə  qorumalıyıq?" kimi vacib məsələyə diqqət ayrılmadı”-Xalq artistindən ETİRAZ

“İki gün öncə “Kino söhbətləri” adlı panel müzakirəsində əsasən kino sənayesinin inkişafından bəhs edildi. Amma təəssüf ki, "milli kinomuzun sənətə çevrilməsi üçün nə etməliyik, bu yöndə hansı prioritet addımlar atmalıyıq, kinomuzun istehsalat bazası sayılan "Azərbaycanfilm" kinostudiyasını necə  qorumalıyıq?"- kimi vacib məsələlərə yetərincə diqqət ayrılmadı. Başa düşməliyik ki, istehsalat bazası bərpa olunmadan kino sənayesinin inkişafından danışmaq yanlış və nəticə verməyən çabalardır. Eləcə də, anlamalıyıq ki, kinoların sənaye üsulu ilə çəkilməsi, heç vəchlə onun sənət  olmasını inkar etməməlidir. Bu sayaq yanaşma, nəticədə kinematoqrafiya adlanan  incəsənət növünü süquta uğradar”
 
Bu sözləri Moderator.az-a açıqlamasında xalq artisti Xalidə Quliyeva deyib. O daha sonra əlavə edib:
 
“Diqqət yetirin: son 30-40 il ərzində sənaye üsuluna ən çox önəm verən  Hollivuddur, elədirmi? Ancaq onlar da çəkdikləri hər filmdə sənəti ön plana çıxarır, - janrından, ideyasından, forma və məzmunundan asılı olmayaraq, habelə, hansı inovasion texnologiyalardan istifadə etdiklərinə baxmayaraq... Çünki unutmurlar: kino, ilk növbədə SƏNƏTDİR. Yeri gəlmişkən, məni narahat edən bir məsələyə də toxunum. Bu gün bizim “Azərbaycanfilm” kinostudiyamız var. Və o,  istehsalat bazası olmaqla yanaşı, həm də milli Azərbaycan  kinosunun beşiyi, kino sənətimizin ocağı sayılır. Deməli, istəsək də, istəməsək də, Cəfər Cabbarlının  adını daşıyan “Azərbaycanfilm” kinostudiyası bir tarixi abidə, bir sənət məbədi və ölkənin milli dəyəri kimi qorunmalıdır. Əks-təqdirdə, nə qədər kino sənayesindən,  onun perspektivlərindən  danışsaq da real nəticə əldə edə bilməyəcəyik. 1969-cu ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə gələn kimi əlini birinci kinoya uzatdı. Moskvadan tələb etdi ki,: "Nə edirsinizsə edin, amma respublikaya yeni kino avadanlığı almaq üçün valyuta ayırın. Kinomuzun  inkişafı üçün maddi-texniki baza yenilənməlidir, biz yaxşı kinolar çəkməliyik." Və dediklərini etdi də, aldı da, yaratdı da. Bəli, bizdə nümunə var. Bəs Rasim Ocaqovlar, Həsən Seyidbəylilər, Arif Babayevlər necə yetişdilər? Bizim  bu gün də  potensialı olan yaradıcı gənclərimiz var, bunu inkar etmək olmaz. Yaxşı filmlər də çəkirlər.  Gərək bu gün bizlər onları pul, qazanc naminə, zövqsüz  tamaşaçı ardınca qaçmaq meylindən  saxlayaq. Və  onları, daha çox, əbədi olan əsl SƏNƏTƏ, sənət yoluna yönəldək. Bu gün  gərək biz qarşımıza  məqsəd qoyaq ki, filmlərimiz “Oskar”, “Kan”, “Qızıl Qlobus”, “Venesiya” film festivallarına getsin” deyə sənətkar bildirib.
Məşhur aktrisa iki gün öncə təqdimatı keçirilən “Cənnət yuxusu” filmindən də danışıb:
 
“Çoxdandır bu cür peşəkar, bədii cəhətdən mükəmməl əsər görməmişdim. Böyük maraqla baxdım. Sevindim. Filmin poetikası, reallığı, mövzusu, həqiqətən təsirli və möhtəşəm idi. Elxan Cəfərov o dövrü, o zamanı şəkilləndirə bilib. Filmdə hətta, zamanın ətri də duyulur... İstedadlı kino adamını, yəni, sözün əsl mənasında peşəsinin fədakarı Elxan Cəfərovu ürəkdən təbrik edirəm” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər