Cəmiyyət
426
14:02, Bu gün

"Pi" ədədi günü: Kainatın ən sirli rəqəmi haqqında maraqlı faktlar

Bu gün - 14 mart bütün dünyada riyaziyyat həvəskarlarının "Pi" ədədinin şərəfinə qeyri-rəsmi bayramı qeyd olunur.
 
Moderator.az xatırladır ki, "Pi" ədədi - çevrənin uzunluğunun onun diametrinə nisbətinə bərabər olan riyazi sabitdir. Yunan əlifbasının "π" hərfi ilə işarə olunur. "π" ədədinin vergüldən sonrakı rəqəmlərini əzbərləmək üzrə dünya rekordu 21 yaşlı hindistanlı tələbə Rajvir Minaya (Rajveer Meena) məxsusdur, o, 2015-ci ilin mart ayında vergüldən sonra 70 000 rəqəmi 9 saat 27 dəqiqə ərzində söyləyib.
 
Bayramın özünü isə 1987-ci ildə San-Fransiskodan olan fizik Larri Şou icad edib. O, ABŞ tarix yazılışı sistemində (ay/gün) 14 mart tarixinin - 3/14 - və 1:59:26 vaxtının π = 3,1415926… ədədinin ilk rəqəmləri ilə üst-üstə düşdüyünü qeyd edib.
 
 
Bu gün "π" ədədinin şərəfinə tərifli nitqlər söylənilir, onun bəşəriyyətin həyatındakı rolu vurğulanır, "π"siz dünyanın antiutopik mənzərələri çəkilir, yunan "π" hərfinin və ya ədədin ilk rəqəmlərinin təsviri olan "pi-piroq" ("Pi pie") bişirilir və yeyilir, "pi" ilə başlayan içkilər içilir və oyunlar oynanılır, riyazi tapmacalar və bilməcələr həll edilir, bu ədədlə əlaqəli əşyaların ətrafında dairəvi rəqslər edilir.
 
Musiqiçi Devid Makdonald isə vergüldən sonra 122 rəqəm dəqiqliyində "π" ədədinin necə səsləndiyini qeydə alıb. O, "π" ədədinin rəqəmlərini götürüb və onlara harmonik minor ladının notlarını təyin edib. Alınan melodiyanı o, sağ əli ilə fortepianoda çalıb, sol əli ilə harmoniyalar əlavə edib.
 

 

 
Qeyd etmək yerinə düşər ki, bu gün həm də nisbilik nəzəriyyəsinin yaradıcısı Albert Eynşteynin doğum günü və görkəmli nəzəri fizik Stiven Hokinqin ölüm günüdür.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər