Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 10-da Heydər Əliyev Mərkəzində kino sənayesi nümayəndələrinin iştirakı ilə “Cinema Talks” (“Kino söhbətləri”) adlı panel müzakirəsi keçirilib. Nazirliyin “Yaradıcı Azərbaycan” layihəsinin tədbirlər planı çərçivəsində təşkil olunmuş müzakirədə Azərbaycan kino sənayesinin gələcək inkişaf perspektivləri, mövcud çağırışlar və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş diskussiya aparılıb.
Panel müzakirədə Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, kinorejissor Əl İsa Cabbarovla milli kinomuzun hazırkı vəziyyəti və mövcud problemləri haqda, o cümlədən, “Azərbaycanfilm” kinostudiyasının fəaliyyətsiz saxlanılması barədə fikirlər səsləndirib. Əli İsa Cabbarov bildirib ki, bu gün kino sahəsinə ayrılan pullar təyinatı üzrə xərclənmir. O, aidiyyəti qurumların bir-birilə yola getmədiklərini vurğulayıb: “Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir. Dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir”.
Moderator.az-a açıqlama verən AKİ katibi Əli İsa Cabbarov bunları əlavə edib:
“AKİ Azərbaycan kinosunda gedən bütün prosesləri izləyir və münasibət bildirib proseslərə təsir göstərməyə çalışır, son sözünü deyir. Son dövrlər “Azərbaycanfilm” kinostudiyası ətrafında gedən proseslər bizi narahat edir. Bununla bağlı AKİ sədri xalq artisti Rasim Balayev Adil Kərimliyə müraciət edib. Cənab nazir bildirib ki, kinostudiya mövzusunda pis niyyətlər və təhlükə yoxdur. Bundan başqa bizi narahat edən məsələlərdən biri odur ki, dövlətin kinoya ayırdığı vəsait ilin axırına yığılıb qalır. Bu da ondan irəli gəlir ki, layihə müsabiqələri çox gec-gec keçirilir. Halbuki norma üzrə ildə 2 dəfə keçirilməlidir. Bu tender yolu ilə olmalıdır. Sonra müəyyən süründürməçilik halları, kargüzarlıqda axsamalar var. Aidiyyatı strukturlarda məktublara gec cavab verilir. Məktubların üzərində gələn sənədlər itirilir. Məktublara reaksiya gecikir. Neçə dəfə olub ki, çəkiliş icazəsi üçün müraciət olunanda artıq hansı yollasa çəkilişi edəndən sonra məktuba cavab gəlib. Biz bu cavabı gözləsəydik çəkiliş olmayacaqdı. Belə problemlər var. “Azərbaycanfilm” kinostudiyası Azərbaycan kinosunun fraqmanıdır. Onun əldə etdiyi yüksək nəticələri heç bir studiya etməyib və yaxın 5 ildə də etməyəcək. Yaxın 5 ildə heç kim nə “Babək”, nə “Nəsimi” çəkə bilməyəcək” deyə katib bildirib.

AKİ-dən verilən məlumata görə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev sağlamlığı ilə əlaqədar sözügedən tədbirə qatıla bilməyib. O bildirib ki: “Kinoya ayrılan və xərclənən vəsaitin statistikası şəffaf olmalıdır. Məsələn, bu gün “Azərbaycanfilm”ə pul vermirlər. Niyə? O boyda studiya qalıb gözdağı kimi. Əgər studiya varsa, niyə ona pul ayrılmır? Kimə, hansı təşkilata nə qədər pul ayrılırsa, bu açıqlanmalıdır. Əli İsa haqlıdır” deyə o bildirib.
Sədrin sözlərinə görə, dövlətin kino sahəsinə ayırdığı vəsait Mədəniyyət Nazirliyinin balansına köçürülür: “Nazirlik isə həmin pulu Kino Agentliyinin hesabına köçürür. Biz (AKİ) film çəkmirik, amma ayrılan pullar rejissorlara, kinostudiyaya verilməlidir. Qəbul olunan ssenarilərin əsasında pul bölünməlidir. Amma bu gün gedən proseslər bizə açıqlanmır. Pulun hara və necə xərclənməsi ilə bağlı məlumatsızıq. Bizi narahat edən əsas məsələ odur ki, Cəfər Cabbarlının adını daşıyan kinostudiya uzun illərdir ki boş dayanıb, amma onlara pul ayrılmır. Niyə? Onların nə məqsədi var? Kinostudiyanı bağlamaq istəyirlər? Ümumiyyətlə, qurumla bağlı plan nədir? Kinostudiya bomboşdur, üç-dörd nəfər də əməkdaşı var. Orada film istehsalı üçün hər şərait var. Niyə onlara pul ayrılmır? Səbəbini demirlər. Desinlər, biz də bilək” deyə xalq artisti bildirib.