Ekstremist "Bəlucistan Azadlıq Ordusu" qruplaşmasının silahlıları Pakistanda sərnişin qatarını ələ keçirərkən ən azı 50 girovu öldürüblər.
Bu barədə Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, silahlıların özləri 50 girovun öldürülməsi barədə məlumat veriblər.
09:30
Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində qatarda girov saxlanılan 155-yə yaxın sərnişini azad edib.
Oxu.Az Geo TV-yə istinadən xəbər verir ki, qatarda təxminən 450 sərnişin olub. Onlar "Bəlucistan Azadlıq Ordusu"nun yaraqlıları tərəfindən girov saxlanılıblar.
Əməliyyat tədbirləri zamanı sərnişinləri girov saxlayan 27 yaraqlı zərərsizləşdirilib.
Xilasetmə əməliyyatının hələ başa çatmadığı bildirilir. Xilas edilən girovlardan bəziləri xəstəxanaya yerləşdirilib. Təxminən on girov silahlılar tərəfindən öldürülüb.
11 mart, 22:44
Pakistan təhlükəsizlik qüvvələri ekstremist "Bəlucistan Azadlıq Ordusu"nun silahlıları tərəfindən qatarda girov saxlanılan 450 sərnişindən azı 80-ni azad edib.
Bu barədə "Geo" telekanalı məlumat yayıb.
Məlumata görə, azad edilənlər arasında 11 uşaq və 26 qadın var.
11 mart, 15:18
Martın 11-də Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində terror aktı baş verib. "Bəlucistan Azadlıq Ordusu" (BLA) ekstremist qruplaşmasının döyüşçüləri Kvetta şəhərindən Peşəvərə gedən sərnişin qatarına atəş açıb və təhlükəsizlik qüvvələrinin əməkdaşları da daxil olmaqla təxminən 450 sərnişini girov götürüblər.
Bu barədə Bəlucistan əyalətinin dəmiryol idarəsinin yüksəkvəzifəli məmuru Məhəmməd Kaşif "Agence France-Presse"ə bildirib.
Yerli "Jang" nəşrinin məlumatına görə, atəş nəticəsində qatar maşinisti ciddi yaralanıb və təcili xəstəxanaya çatdırılıb. Döyüşçülərlə Pakistan təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Hadisə yerinə əlavə hərbi bölmələr və təcili yardım maşınları göndərilir, lakin ərazinin mürəkkəb qayalıq relyefi səbəbindən oraya çatmaq çətindir.
Bəlucistan hakimiyyəti hücumun diqqətlə planlaşdırılmış terror aktı olduğunu ehtimal edir. Əyalətin Pakistandan ayrılması uğrunda mübarizə aparan BLA qruplaşması artıq hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Döyüşçülərin "Telegram" kanallarında bildirilir ki, onlar dəmiryol xətlərini partladıb, qatarda olan altı hərbçini öldürüb və bir neçə yüz girovu saxlayırlar, təhlükəsizlik qüvvələri hücuma keçəcəyi təqdirdə onlarla haqq-hesab çəkəcəkləri ilə hədələyirlər.
Sonradan məlumat verilib ki, qatarda olan bütün qadın və uşaqlar, həmçinin bəluc sərnişinlər azad ediliblər.