Prezident İlham Əliyevin müvafiq qərarı ilə 2025-ci ilin Konstitusiya və Suverenlik ili kimi qeyd edilməsi digər məsələlərlə yanaşı Konstitusiyaya da diqqəti artırıb, orada təsbit olunan insan hüquqlarının qorunması mövzusunu aktuallaşdırıb. Konstitusiyanın müəyyən etdiyi vacib hüquqlardan biri də Əqli Mülkiyyət Hüququdur.
Konstitusiyanın 30-cu maddəsinə görə Azərbaycanda hər kəsin əqli mülkiyyət hüququ vardır və o qanunla qorunur. Ölkəmizdə əqli mülkiyyət hüququnun həyata keçirilməsi və qorunması ilə bağlı çox saylı qanunların qəbul olunmasına, Azərbaycan Respublikasının əqli mülkiyyətlə bağlı beynəlxalq konversiyalara qoşulmasına, Əqli Mülkiyyət Agentliyinin yaranmasına və intensiv fəaliyyət göstərməsinə baxmayaraq əqli mülkiyyət hüququnun subyektləri, yaradıcı şəxslər öz hüquqlarını yaxşı bilmir əqli mülkiyyət obyektlərinin əmtəələşdirilərək öz yaradıcılıq məhsullarından maddi rifahlarının yaxşılaşdırılması üçün səmərəli istifadə edə bilmirlər. Əqli mülkiyyət məhsullarının istifadə edilməsində, hüquqların qorunmasında çox saylı mübahisələr yaranır, bu sahədə olan münasibətlər sistemi ilə bağlı problemlər ortaya çıxır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü il qrant müsabiqəsi çərçivəsində “Hüqüqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi "Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi" layihəsinin əsas məqsədi də yaradıcı şəxslərin əqli mülkiyyət hüquqlarının qorunmasına, stimullaşdırılmasına, yaradıcılıq imkanlarının artırılmasına kömək etməkdir.
Bu məqsədlə Gəncə, Lənkəran, Zaqatala və Qazax şəhərlərində yaradıcılıq təşkilatlarının üzvləri, ali təhsil müəssisələrinin alimləri və rayon ictimaiyyətinin nümayəndələri üçün təlimlər təşkil edilmişdir. BDU-nin Qazax filialında keçirilən sonuncu tədbiri filialın direktoru dosent Arif Rüstəmov açaraq əqli mülkiyyət hüququnun qorunmasının xalqın intelektual potensialının artırılmasına, yaradıcı insanların maddi rifahının gücləndiriməsinə, mədəniyyətin inkişafına göstərdiyi təsirdən danışmış, belə tədbirlərin regionlarda keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov rəhbərlik etdiyi təşkilat haqqında məlumat verdi, bu layihənin icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Əqli Mülkiyyət Agentliyinin, yaradıcılıq təşkilatlarının dəstəyini qeyd etdi, belə layihələrin əhalinin hüquqi savadlanmasına, hüquqlarla bağlı Konstitusiya müddəalarının həyata keçirilməsinə xidmət etdiyini bildirdi.
Qazax rayon icra hakiminin müavini Adil Vəliyev regionlarda yaşayan yaradıcı şəxslərin, ziyalıların, regionun mənəvi və mədəni simasının formalaşmasına köməyindən, gənclərin vətənpərvərlik tərbiyyəsinin güclənməsinə, regionların sosial iqtisadi inkişafı proqramının həyata keçirilməsinə köməyindən danışdı. Tədbirin təşkilatçılarına, Mədəniyyət Nazirliyinə və Əqli Mülkiyyət Agentliyinə təşəkkürünü bildirdi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Heydər Mirzəyev nazirliyin yaradıcı şəxslərlə, əqli mülkiyyət hüququnun subyektləri ilə həyata keçirdiyi tədbirlər, təşkil etdiyi qrant müsabiqələri və QHT-lərlə əməkdaşlığı haqda məlumat verdi. Bildirdi ki, “Hüqüqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi "Əqli mülkiyyət sahiblərinin potensialının gücləndirilməsi" layihəsi yardıcı şəxslərin rifahının yaxşılaşıdırılmasına, mədəniyyətin inkişafına kömək məqsədi daşıyır. Belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Əqli mülkiyyət hüququ üzrə peşəkar təlimçilər, hüquqşünas Aydın Kərimov və Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev interaktiv qaydada iştirakçılar üçün təlim keçdilər.Təlim zamanı iştirakçılara əqli mülkiyyət hüququnun tarixi, mədəniyyətin inkişafında yeri, beynəlxalq əqli mülkiyyət təşkilatının fəaliyyəti, konstitusion hüquq olan əqli mülkiyyət hüququ ilə bağlı ölkəmizdə qəbul olunan normativ hüququ aktlar, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti, müəllif hüquqları, hüquqların müdafiə mexanizmi, ayrı-ayrı sahələr üzrə ətraflı məlumat verdilər.
Yaradıcılıq təşkilatlarının üzvləri-rəssamlar, yazıçılar, musiqiçilər, elm adamları və ziyalıların iştirak etdiyi tədbirdə iştirakçıların çox saylı sualları cavablandırıldı. Çıxış edən AYB-nin Qazax bölməsinin sədri şair, yazıçı Barat Vüsal, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Alik Bağırov, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin nümayəndəsi şairə Gülsənəm Cəlili tədbirin əhəmiyyətini qeyd etdilər, cəmiyyətimiz üçün yeni olan bu mövzuda daha geniş və əhatəli təlimlərin keçirilməsini zəruri saydılar. Xüsusilə mərkəzdən uzaqda yerləşən regionlarda belə tədbirlərin keçirilməsi yaradıcı insanlar üçün çox faydalıdır.
Sonda iştirakçılara əqli mülkiyyət ilə bağlı hüquqi normativ aktlar və Əqli Mülkiyyət Agentliyin çap etdiyi kitablar paylandı. İştirakçıların fərdi və sahəvi problemlərinin həllinə kömək edildi, məsləhətlər verildi, praktik kömək göstərildi.