Cütlüklər evlilikdən əvvəl psixoloji testdən KEÇƏCƏKLƏR? - AÇIQLAMA
Cəmiyyət
1162
11 Mar 2025 | 16:14

Cütlüklər evlilikdən əvvəl psixoloji testdən KEÇƏCƏKLƏR? - AÇIQLAMA

Bir neçə gündür ki, ananın övladına işgəncə verməsini əks etdirən videogörüntü müzakirələrə səbəb olub. Valideynlərin öz uşaqlarına şiddət göstərməsi halları cəmiyyətdə ciddi narahatlıq doğurub. Bu kimi hadisələr, cəmiyyətin psixoloji sağlamlıq məsələlərinə daha çox diqqət yetirməsinə ehtiyac duyduğunu bir daha üzə çıxarır. Evlilikdən əvvəl psixoloji müayinələrin tətbiqi məsələsi də bu baxımdan gündəmə gələn ən mübahisəli mövzulardan biridir.
 
Evlilikdən əvvəl tibbi arayış tələb olunması artıq bir çox ölkələrdə məcburi bir prosedur halına gəlib. Ancaq psixoloji müayinələr və testlərin tətbiqi hələ də geniş yayılmayıb. Bununla belə, psixoloji sağlamlıq, xüsusilə də ailə münasibətlərindəki rolu, son illərdə daha çox diqqət mərkəzinə çevrilib. Evlilikdən əvvəl psixoloji testlər cütlüklərin emosional vəziyyətlərini və münasibətlərin uzunmüddətli sağlamlığını təmin etmək məqsədilə tətbiq edilə bilər. Baş verən valideyn şiddəti halları və evlilikdə psixoloji sağlamlığın vacibliyi, psixoloji müayinələrin tətbiqinə daha ciddi yanaşılmasını zəruri edir.
 
Ekspertlər qeyd edir ki, bu cür hallar uşaqların fiziki və psixoloji inkişafına ciddi zərər vurur. Azərbaycan qanunvericiliyinə əsasən, övladlarına qarşı zorakılıq edən valideynlər inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilərlər. Belə hallarda valideynlərin valideynlik hüquqlarından məhrum edilməsi mümkündür.
 
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Bizim.Media-ya danışıb.
 
"Bizdə dövlət o zaman psixoloq xidməti verir ki, cütlüklər artıq boşanır. Bu da sırf barışdırmaq məqsədi daşıyır. Heç bir ödəniş etmədən xidmətdən istifadə edilir. Lakin mən çox istəyərdim ki, evlilikdən öncə bu iki insanın xarakteri tuturmu, evlilikdə hansı problemlər ortaya çıxa bilər və s. kimi amilləri nəzərə alıb, psixoloji müayinədən keçmək qanun çərçivəsində nizamlansın. Ana olmaq bir missiyadır. Bunu yerinə yetirmək lazımdır. Hər kəs uşaq dünyaya gətirə bilər, amma ana olmağı hər kəs bacarmır.
 
Ümumiyyətlə, ananın övladına şiddət göstərməsi onun psixoloji durumu ilə birbaşa bağlıdır. Azərbaycanda bəzi analar öz ərlərindən, qaynanalarından intiqam almaq üçün bəzən uşaqlarından istifadə edirlər. Bu, düzgün bir addım deyil. Ana ilə övladın yaş fərqi 20-22-ni keçməlidir. Bu olmadığı halda ana öz gəncliyini yaşaya bilmir və nəticədə övladına lazımi dəstəyi, qayğını verə bilmir. Övladı planlı şəkildə dünyaya gətirmək lazımdır.
 
Psixoloq hesab edir ki, hər kəs ailə qurmağa hazır deyil. Bəzilərinin buna psixoloji durumu icazə vermir.
 
“Qanunla qadağan olunsa belə, bu gün ölkəmizdə 16 yaşında, 18 yaşdan daha erkən bir vaxtda ailə quranlar var. Ağır cəzalar tətbiq olunmadığı üçün insanlar belə addımları atırlar. Ümumiyyətlə ana şiddət gördükdə övladına və ətrafındakılara şiddət yönəldir. Belə bir ifadə var: Yerin dibindən gələn meydanoxuma... Yəni uşaq vaxtında övladı alçaldırsan, əzirsən, təhqir edirsən. O da böyüyəndə yerin dibindən çıxır və cəmiyyətə qarşı meydan oxumağa başlayır. Bu, boş bir söz deyil”,- deyə o, qeyd edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər