Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün paytaxtın qapalı və açıq parklanma yerlərində inklüziv cəmiyyətin nümayəndələri üçün avtomobillərin və yaxud əlil arabalarının saxlanması üçün xüsusi yerlər ayrılıb.
Lakin təəssüflə qeyd etməliyik ki, bəzi sürücülər bir çox hallarda fiziki məhdudiyyətli şəxslər üşün ayrılmış yerləri zəbt edirlər. Xüsusən də, “Mall”larda bu mənzərə ilə tez-tez qarşılaşmaq mümkündür. Belə ki, bəzi sürücülər özlərinə əziyyət verib, parklanma üçün lazımi yer axtarmaqdansa, əlilliyi olan şəxslərə ayrılmış yerlərdə avtomobillərini saxlamağa üstünlük verirlər.
Bəs, belə qayda pozuntusuna görə qanunda hansı cəza tədbiri nəzərdə tutulub?
Suala aydınlıq gətirən nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsəd Bizim.Media-ya açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinə görə bu qanun pozuntusuna görə 80 manat cərimə nəzərdə tutulub:
“Amma belə qanun pozuntusu bütövlükdə cəmiyyətə qarşı hörmətsizlikdir. Məlumdur ki, parklanma yerlərində fiziki məhdudiyyətli şəxslər üçün 1-2 yer nəzərdə tutulur. Ona da kimlərinsə həmin yerlərə göz dikməsi ən azından mənəviyyatsızlıqdır.
Bu gün cəmiyyət olaraq fiziki məhdudiyyətli insanlar böyük həssaslıq göstərməliyik. Çalışmalıyıq ki, həmin insanlar cəmiyyətdə özlərini yad, unudulmuş kimi hiss etməsinlər. Ancaq bəzi soydaşlarımız nə insanlıq borclarını yerinə yetirir, nə də qanun qarşısında məsuliyyətlərini dərk edirlər. Ona görə də belələrinə qarşı ictimai qınağı gücləndirmək, lazım gəlsə, cərimənin miqdarını da artırmaq lazımdır”.