İnsanların ev heyvanlarına bağlılığı nə ilə əlaqədardır? - Psixoloqdan açıqlama
Cəmiyyət
1541
11 Mar 2025 | 10:11

İnsanların ev heyvanlarına bağlılığı nə ilə əlaqədardır? - Psixoloqdan açıqlama

Son illərdə insanların heyvanlara olan sevgisi əhəmiyyətli dərəcədə artıb. Bir çox ailələr evlərində it və ya pişik saxlayır, hətta bəzi insanlar quşlar, dovşanlar və ekzotik heyvanlara belə maraq göstərirlər. Sosial şəbəkələrdə heyvanlarla bağlı paylaşımlar, onların əyləncəli və mehriban davranışları milyonlarla insanın diqqətini cəlb edir. Bəzi mütəxəssislər bunu insanların tənha qalması və sosial əlaqələrinin zəifləməsi ilə əlaqələndirirlər. Müasir dövrdə stress, depressiya və emosional boşluq insanların heyvanlara daha çox yaxınlaşmasına səbəb ola bilər. Digər tərəfdən, heyvanlarla vaxt keçirmək sakitləşdirici və xoşbəxtlik verici bir amil kimi qəbul edilir. 
Bu barədə Moderator.az-a danışan psixoloq Samirə Bağırova deyir ki, heyvan bəsləmək, qayğısına qalmaq insanın davranışlarına müsbət təsir göstərir:
“Mərhəmətlik, qayğıkeşlik, müdafiə etmək, neqativ emosiyalarda ilişib qalmamaq üçün ev heyvanları insanlara psixoloji təsir etmək gücünə sahibdir. Heyvanlar tənha yaxud sonsuz insanlara da yoldaş olmağı bacarırlar. Avropaya diqqət etsək insanlar ən çox yaşlı mərhələdə heyvanlara sahib çıxırlar. Hər gün bir neçə dəfə heyvanı gəzdirmək, qayğısına qalmaq həm fiziki olaraq aktivliyi qoruyur, həm də insani davranışların müsbət tərəfdən inkişaf etməsinə səbəb olur. Azyaşlı uşaqların tərbiyəsində ev heyvanlarının böyük rolu olur. Ev heyvanı ilə böyüyən uşaqda aqressiya, paxıllıq, kaprizlik, neqativ davranışlara yol verilmir. Yaxşı olardı ki, valideynlərə övladları üçün, eləcə də yaşlılar üçün heyvan bəsləmək təbliğ olunsun. Can dediyin candır. Allah insan kimi, heyvana da şüur və can bəxş edib. Dünya evimizdir. Evimizin içində insanlıq naminə hər şeyə hörmətlə yanaşmaq isə borcumuzdur”.
Bu yaxınlarda yazıçılar, həkimlərdən ibarət bir qış kampına qatıldım. Yanımıza it, pişik yaxınlaşdıqca mən onlara yemək verirdim. Şəxslərdən biri sual verdi ki, Samirə xanım sizin ruslarla qohumluğunuz varmı? Xeyr, nəyə əsasən soruşduğunu maraqlandım, dedi ki, heyvanlara sevginizdən elə fikir yarandı. Düzü bu məni çox təəccübləndirdi və mən “ demək ki, ruslar daha insandır” deyə cavabladım. Hələ illər öncədən müsəlmanlar evdə heyvan saxlanmasına qarşı olublar. Uşaqlar heyvan bəsləmək istəyəndə “ biz bəyəm rus millətiyik? “ cümlələrini uşaqlığımdan xatırlayıram. Bu gün ölkəmizdə heyvanlara qarşı davranışın dəyişməsində ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin ( IDEA ) təsisçi və rəhbəri Leyla xanım Əliyevanın böyük rolu oldu və buna görə Leyla xanıma,  dərin təşəkkürümü bildirirəm”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər