Cəmiyyət
860
09 Mar 2025 | 16:48

"ABŞ Rusiyanın kölgə donanmasına qarşı mübarizə qrupunun yaradılmasını əngəlləyir" - "Bloomberg"

"Vaşinqton Çinə dair ifadələrin sərtləşdirilməsinə israr edərək, Rusiyaya qarşı ritorikanın yumşaldılmasına çalışıb..."
 
Amerika Birləşmiş Ştatları Kanadanın Rusiyaya məxsus neft tankerlərindən ibarət "kölgə donanması" ilə mübarizə aparacaq işçi qrupunun yaradılması təklifini rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
 
Məlumata görə, Kanada G7 sammitində razılaşdırmaq üçün bu işçi qrupunun yaradılması ideyasını hazırlayıb. Lakin birgə bəyanatla bağlı aparılan danışıqlarda Vaşinqton Çinə dair ifadələrin sərtləşdirilməsində israr edərək, Rusiyaya qarşı ritorikanın yumşaldılmasına çalışıb.
 
Nəşr bəyanat layihəsi ilə tanış olub. Sənəddən aydın olur ki, ABŞ təkcə Kanadanın sanksiya pozuntularına nəzarət edəcək xüsusi qrupun yaradılması təklifini veto qoymayıb, həm də "sanksiyalar" sözünü və Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanına dair ifadəni "gəlir əldə etmək" sözləri ilə əvəz etməyə çalışıb.
 
Bununla yanaşı, vurğulanır ki, bəyanat yekun sənəd deyil və həm G7 sammitindən əvvəl, həm də onun gedişində dəyişdirilə bilər.
 
ABŞ və digər Qərb dövlətləri arasında münasibətlər xeyli pisləşib
 
"Ötən ay, məsələn, müttəfiqlər Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının üçüncü ildönümü münasibətilə birgə bəyanat qəbul edə bilməyib. Halbuki əvvəlki iki ildə bu addım atılıb. Buna səbəb ABŞ-ın Rusiyanın sərt şəkildə pislənməsinə qarşı çıxması olub" - jurnalistlər xatırladıb.
 
ABŞ-ın Rusiya siyasəti kəskin dəyişib
 
Bundan öncə ABŞ Ümumdünya Ticarət Təşkilatının Ukrayna ilə bağlı bəyanatını dəstəkləməyib. Bu, Rusiyanın genişmiqyaslı işğalına başlamasından sonra üç il ərzində ilk belə hadisədir və Moskva ilə Vaşinqton arasındakı münasibətlərin dəyişdiyinə dair növbəti siqnaldır.
 
Daha öncə BMT Baş Assambleyası Ukraynadakı müharibənin üçüncü ildönümünə həsr olunmuş ABŞ qətnamə layihəsini qəbul edib. "Sülhə aparan yol" adlı sənəd 93 ölkə tərəfindən dəstəklənib, 8-i əleyhinə səs verib, 73-ü isə, o cümlədən Ukrayna, bitərəf qalıb. Qətnamədə ABŞ Rusiyanı təcavüzkar ölkə kimi adlandırmayıb və sənəd ümumi şəkildə "münaqişənin sülh yolu ilə həlli" çağırışlarını özündə ehtiva edir.
Link kopyalandı!
Son xəbərlər