Şəfalanma adı altında gələn insanlara işgəncə verilib? – “Bu, qadağandır!”
Cəmiyyət
1438
07 Mar 2025 | 10:49

Şəfalanma adı altında gələn insanlara işgəncə verilib? – “Bu, qadağandır!”

10-15 gün əvvəl Bakıda tanınmış psixoloqlardan biri “şəfalanma” adı altında kütləvi seans təşkil etmiş, yüzlərlə insanın iştirak etdiyi bu tədbir cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Hadisənin üzərindən müəyyən vaxt keçsə də, ictimaiyyət arasında bu mövzu aktuallığını qoruyur və müxtəlif aspektlərdən dəyərləndirilməyə davam edir.
 
Sözügedən seansla bağlı psixoloq Aytən Ələkbərova Yenisabah.az-a danışaraq, belə tədbirlərin mahiyyəti haqda açıqlama verib:
 
“Psixologiyada pasientlərin üzünün görünməsi doğru hesab edilmir. Anonimlik mütləq formada qorunmalıdır. Qrup terapiyalarında belə eyni problemi yaşayan insanları ayrı-ayrı vaxtlarda qəbul etməyə çalışırıq. Psixologiyanın əsas qanunlarından və əməl etməyimiz vacib olan nüanslardan biri də budur.
 
İkinci məqam isə bundan ibarətdir ki, psixoloqa müraciət edən insanlar xəstə olmur. Tamamilə sağlam ruha sahib olurlar. Əgər həmin sağlam ruhla insanlar öz potensiallarını inkişaf etdirə bilmir və buna görə müxtəlif sendromlardan əziyyət çəkirlərsə, təbiidir ki, bunlar fərdi olaraq konsultativ psixoterapiyanın köməyi ilə aradan qaldırılır”. 
 
Ekspert qeyd edib ki, həmkarının bu davranışlarını ciddi qəbul edə bilmir:
 
“Əfsanə Qasımlının keçirdiyi toplu şəfalandırma seansına qatılanlar təklikdə danışdırılsa, o insanlar bəlkə də manipulyasiya edilib, yaxud şou düzəltmək xatirinə bu addım atılıb. Sözsüz ki, həmkarımdır, psixoloqdur. Şəxsi keyfiyyətləri haqda bir söz deyə bilmərəm. Amma etdiklərini qeyri-ciddi qəbul edirəm.
 
Media maarifləndirici vasitədir. Ancaq bəzən insanlar bu yolla informativ stres də almış olurlar. Sabah orada yaşananların yayılması iştirakçıların həyat tərzinə təsir göstərə bilər. Onların görüntülərinin yayılması bu peşənin etikası baxımından doğru sayılmır.  
 
Hipnoz seanslarında insanların bir araya gəlməsini doğru qəbul etmək olar. Ancaq psixoloji təlim və seminar deyilsə, belə kütləviliyə yol vermək olmaz. Müraciət edənlərin içərisində qabarıq şəkildə soruşmuruq ki, kim daha çox cəsarətlidir. Cəsarətli olanı danışdırıb onun problemi üzərində nümunə göstərmək olmaz. Bunlar qadağandır! Bütün bunları nəzərə alaraq həmin şəfalanma seansını qeyri-ciddi qəbul edir və heç vaxt belə bir tədbir həyata keçirmərəm deyirəm. 
 
Hər bir fərd mənim üçün bir şəxsiyyətdir. Şəxsiyyətə görə yanaşma da fərqlidir. Ona görə də insanları bu duruma salmaq saf insanların duyğularına işgəncə verib psixoloqlardan asılı hala salmağa aparan addımdır”. 
Link kopyalandı!
Son xəbərlər