Dietoloq orucun sağlamlığa FAYDALARINI açıqladı!
Cəmiyyət
1425
05 Mar 2025 | 11:40

Dietoloq orucun sağlamlığa FAYDALARINI açıqladı!

Oruc tutmağın insanın orqanizminə və mənəviyyatına böyük təsirləri var. Yemək insanın əsas tələbatlarından biri olsa da, həddindən artıq qida qəbulu bədənə və ruha mənfi təsir göstərir. Hədislərdə bildirildiyi kimi, normadan artıq yemək qəlbi sərtləşdirir, nəfsi gücləndirir və insanı ibadətdən uzaqlaşdırır. Məhəmməd Peyğəmbər (s) də buyurmuşdur: "Çox yemək bütün dərdlərin mənbəyi, az yemək isə dərmanların ən əsasıdır". Bu baxımdan, Ramazan ayında oruc tutmaq insanın həm bədənini, həm də ruhunu təmizləyərək ona daxili tarazlıq bəxş edir.
Moderator.az-a danışan tanınmış həkim-dietoloq, diet kitablarının müəllifi və uzunömürlülük üzrə ekspert Leyla Zülfüqarlı bildirir ki, Ramazan ayı yalnız nəfsin tərbiyəsi deyil, eyni zamanda orqanizmin saflaşması və sağlam həyat tərzinə keçid üçün bir fürsətdir. O, bu müqəddəs ayda balanslı qidalanmanın vacibliyini vurğulayaraq, sağlam və düzgün iftar üçün vacib məqamları açıqlayıb.
 “Bu saflaşma həm fikirlərimizin, əməllərimizin, həm də paralel olaraq, orqanizmimizin təmizlənməsidir. İnsan ac qaldıqda, orqanizmdə autofaqiya – hüceyrələrin öz-özünü yeniləməsi prosesi baş verir. Bu, bədənin həyati fəaliyyəti üçün vacib və təbii prosesdir. Bu prosesin davamında insan orqanizmindəki hüceyrələr öz-özünü yeniləyir və daxildə zədələnmiş, köhnəlmiş hüceyrələri təmizləyir. Araşdırmalara görə, 8 saat, maksimum 16-20 saat ac qaldıqda, qaraciyər hüceyrələri özünü yeniləməklə yanaşı, həm bu orqanda reabilitasiya prosesi başlayır, bədəndə qlükoza ehtiyatının xərclənməsi nəticəsində faydasız yağ toxumaları parçalanır. Autofaqiya çox unikal bir proses olaraq, orqanizmdə yeni hüceyrələrin yaranması ilə bədənin təmizlənməsini, saflaşmasını təmin edir. Ramazan ayında insanlarda mədə-bağırsaq problemləri, əsasən də, qastrit və yaxud qəbizliklə bağlı narahatlıqlar yaranır. Bu, həmin şəxslərin orucluqda düzgün qidalanmamalarının nəticəsidir. Dietologiya elmi həyatda Tanrının buyurduqları ilə çox bənzərdir. Ramazan ayı sağlam qidalanmaya keçid üçün bir tramplin sayıla bilər. Bu gözəl ayda insanları  sağlam olmağa çağırıram”,- deyə həkim dietoloq vurğulayıb.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər