İşdən qovulan məktəb direktoru yeganə günahkar deyil - Detallar
Cəmiyyət
825
18:00, Bu gün

İşdən qovulan məktəb direktoru yeganə günahkar deyil - Detallar

Bir neçə gündür ki, ölkənin əsas təhsil gündəmindən biri də Bakı şəhəri Pirallahı rayonu 231 saylı orta məktəbin direktorunun yayılmış səs yazısı və o səs yazısında müəllimlərə ünvanlanan sözlərdir. Məlumat üçün deyək ki, direktor xanım ad günün münasibətilə onun üçün hədiyyə olaraq alınmış 600 manat məbləğindəki zinət əşyasına etiraz etmiş və onu “dilənçi payı” adlandıraraq müəllimlərlə kobudluq göstərib. Hər halda bəlkə də bir çoxunuzun dinlədiyi həmin səs yazısındakı detalları tamı-tamına təkrar etməyə gərək yoxdu. Səs yazısının ictimailəşdirilməsindən sonra təhsilin idarəetmə qurumları tərəfindən məsələ araşdırıldı və dünən axşam direktor Lamiyə İlhamsoyla bağlı rəsmi qərar verildi:
 
“Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. 
Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. 
 
Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”.
 
Direktorla bağlı məsələ məlumdur. Hər halda verilən qərarın obyektivlik və ədalətlilik prinsipləri qorunub. 8 Martla bağlı müəllimlərə hər hansı pul və ya hədiyyə yığımı ilə bağlı xəbərdarlıq edən və bunu aktlaşdıran direktorun verilən hədiyyəni ucuzluğuna görə qəbul etməməsindən də çox, onu niyə ümumiyyətlə qəbul etməsidir. Axı müəllimlərin öz aralarında pul yığaraq direktor üçün bahalı hədiyyə almasının özü də çox da doğru hal sayılmaz. Müəllimin şagirdlərdən pul toplaması nə qədər neqativ olaydırsa, direktorun da müəllimlərə qarşı o cür rəftarı yolverilməzdir. O başqa məsələ ki, məktəb daxilində pul yığımı və hədiyyənin alınması müəllimlərin şəxsi təşəbbüsü hesabına edilib və direktor bundan xəbərsiz olub. Xub, məktəbi təhsilverənlərin etik davranış kodeksləri və təhsil qanunvericiliyinin tələbləri əsasında idarə etməli olan direktor məsələdən xəbər tutduğu an buna kəskin reaksiya verməli və hədiyyənin qiymətinə deyil, özünə etiraz etməlidir. Biz isə səs yazısında istər direktor, istərsə də müəllimlər tərəfindən təəssüf ki, tamam fərqli mənzərənin qulaq şahidi olduq. Bu hələ üzə çıxıb ictimailəşən və medianın da dəstəyi ilə həllini tapan prosesdir. “Bu gün ölkə məktəblərinin neçəsində bu və ya buna bənzər hadisələr yaşanır? Bu gün məktəblərdə rəhbərlik, eləcə də bəzi müəllimlər tərəfindən özəl günlərlə bağlı hansı neqativ addımlara yol verilir? Bu, necə edilir və qarşısı niyə alınmır?”-kimi suallar həddindən artıq çoxdur. Təhsilin keyfiyyət baxımından irəli getməməsinə səbəb olan əsas amillərdən biri də məhz səsləndirdiyimiz detaldır. Qeyd etdiyimiz sualların sayını asanlıqla artırmaq da olar. Amma bunun nəticəyə zərrə qədər də təsiri olmayacaq.  
 
Direktorla bağlı bu olayın bir müsbəti də var: heç olmazsa, bundan sonra rəhbəri olduğu məktəbdə bu kimi halların daha ağırın yol verən, bunu mütəmadi şəkildə həyata keçirən direktorlar artıq daha ciddi düşünməli və hərəkətlərində daha diqqətli olmağa çalışacaqlar. Çünki xanım direktorla bağlı qərar verən rəsmi qurumun yetkililəri də çox gözəl bilir ki, analoji olay tək həmin məktəblə bağlı deyil... Kəmiyyət isə çox da ürəkaçıcı olana oxşamır...
 
Bu, öz yerində,  məsələnin digər tərəfinə baxaq, hansı ki bu yön kölgədə qaldı. Axı niyə, həmin direktorun ad günü münasibətilə pul toplayan, qızıl alın bunu bəh-bəhlə ona təqdim edən müəllimlərə nəsə deyilmir? Məgər bir tədris mühitində onların etdikləri çoxmu doğrudur? Məlum səs yazısında yəqin ki, müəllim olan şəxslərdən birindən eşidirik: “İndiyə qədər kim nə vermişiksə, alıb qoyub kənara”... Yəni, sizdən əvvəl hədiyyə aldıqlarımız sizin kimi onun qiymətinə etiraz etməyib... Reallığa baxın, bu cür halların bir tədris ocağında yaşanmasına qarşı çıxmalı olan müəllim kollektivinin bir qisim üzvləri özləri  uyğunsuz addım atır və direktora jest edir.  Fərz edək ki, direktor 600 manatlıq zinət əşyasına “dilənçi payı” deməyib, qəbul edəcək və sakitcə bir kənara qoyacaqdı. O zaman təbii ki, indi hamının agah olduğu məsələ də ortaya çıxmayacaqdı.  Belə olan təqdirdə deməli, hər şey yolundamı gedəcəkdi? Xeyr! Heç də belə olmayacaqdı. Problemin əsas kökü müəllimlərin direktorları üçün etmək istədiyi bu jestin özüdür. Axı doğrudanmı buna çox ehtiyac var idi? Bu yanaşma nədən qaynaqlanır? Yenə də suallara bel bağladıq. Düşünürəm ki, bu hadisə direktorlarla yanaşı, həm də müəllimlərə də görk oldu. Deməli, direktor onların jestini ucuz sayıb bəyənməməklə həm də mühitin iç üzünü, gizli reallığını da bir daha hamımıza göstərmiş oldu... 
 
Hələ bu reallığın bir də valideyn tərəfi var. Övladının “sinifdaxili rifahı” üçün əlindən gələni əsirgəməyən, valideyn komitəsinin əsas və yeganə işinin müəllimin ad günü və bayramları üçün pul yığmaq olduğunu düşünən valideynlər məktəbdəki tədris mühitini zədələyən əsas şəxslərdirlər. Onların maddiyyat üzərində qurulmuş lazımsız rəqabəti, eqo nümayişi təəssüf ki, sonradan bu kimi halların artmasına səbəb olur.
 
Deməli, günahkar təkcə cəzalanan məktəb direktoru deyil...
 
Elmin Nuri
Təhsil eksperti
 
 
Link kopyalandı!
Son xəbərlər