Rusiyadan hər hansı ödəniş edilməyib - Hökumənin atası
Cəmiyyət
473
16:36, Bu gün

Rusiyadan hər hansı ödəniş edilməyib - Hökumənin atası

Rusiyanın "Alfa Sığorta" şirkəti Azərbaycana məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı sığorta ödənişini tam şəkildə həyata keçirib. Bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik "İnterfaks"a məlumat verib.
 
Kabaçnikin sözlərinə görə, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi Azərbaycan və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir.
 
"Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş məbləği 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər" - İlya Kabaçnik əlavə edib.
 
O, həmçinin sərnişinlərə dəyən zərərə görə ödənişlərin başladığını bildirib. Ancaq ödənişin kimlərə verildiyi məlum deyil. Ehtimal edilir ki, ödənişlər qəzada həlak olan Rusiya vətəndaşlarına edilib.
 
Qəzada həlak olan Azərbaycan Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev də Modern.az-a açıqlamasında bildirib ki, onlara hər hansı ödəniş edilməyib.
 
O deyib ki, sözügedən sığorta ödənişi ilə bağlı heç bir məlumatları yoxdur:
 
“Bizə sığorta ödənişi barədə heç nə deyilməyib. Hərhansı ödəniş barədə məlumatımız yoxdur".
 
Qeyd edək ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.
 
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.
 
Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.
Link kopyalandı!
Son xəbərlər