“Məktəblərdə 8 marta görə pul yığılması tərbiyəsizlikdir, kommersiya mühiti formalaşdırmaq olmaz”
Cəmiyyət
623
14:42, Bu gün

“Məktəblərdə 8 marta görə pul yığılması tərbiyəsizlikdir, kommersiya mühiti formalaşdırmaq olmaz”

“Hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 150 mindən çox müəllim, 1.6 milyon şagirdin bilik və bacarıq əldə etməsində iştirak edir. Bizim müəllimlərimizin 80 faizindən çoxunu qadınlar təşkil edir. Azərbaycan cəmiyyəti hər zaman öz anasına, bacısına, həyat yoldaşına, eyni zamanda müəlliminə dərin hörmətlə yanaşan toplumdur. Bizim insanlarımız və kişilərimiz bu və digər formalarda öz yaxınlarına, qadınlarına təşəkkürünü bildirir”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O daha sonra əlavə edib:
 
“Bir məqamı da qeyd edim ki, təhsil sosial bir fəaliyyətdir. Burada hər bir kəs müəlliminə diqqət göstərməlidir. Birmənalı şəkildə məktəb kommersiya mühitinə çevrilməməlidir. Məktəblərdə kommersiya mühitinin formalaşması biləvasitə 1.6 milyon gələcəyin, kifayət qədər böyük bir insan toplumunun ciddi şəkildə məhv olmasına gətirib çıxara bilər. Yenə də deyirəm, təhsil sistemi kommersiya məqsədi daşımamalıdır. Məktəbdə müəllimlər və valideynlər arasında münasibətlər tədris və tərbiyə üzərində qurulmalıdır. Amma müəllimlər üçün 8 mart və digər bayramlarda pul yığılması məktəbi qeyri-rəsmi ödənişlərin tətbiq olunduğu kommersiya mühitinə çevirir. Bu da öz növbəsində təhsil ocaqlarının əsas məqsədi olan bilik və bacarıqların ötürülməsi məsələsinə kölgə salır. Birmənalı şəkildə bu yolverilməzdir. Bu praktikalar davam etdikcə valideynlər məktəbi təkcə övladlarının təhsil aldığı yer kimi yox, həm də əlavə maliyyə öhdəliklərinin yarandığı məkan olaraq görməyə başlayacaqlar. Bu isə valideynlər arasında narazılıq yaradacaq, şagir-müəllim münasibətlərinə mənfi təsirini göstərəcək.
 
Hesab edirəm ki, pul yığımı sosial bir problemə də çevrilə bilər. Heç də bütün ailələrin imkanı yoxdur ki, pul versinlər. Ümumilikdə məktəblərdə pul yığılması tərbiyəsizlikdir. Buna heç bir halda haqq vermək olmaz. Pul yığımında sinif daxilində sosial təbəqələşmə yaranır. Maddi imkanı zəif olan valideynlərin övladları müəllimlər tərəfdən diqqətdən kənarda qalır. Bir az da məcbur olurlar. Ona görə də bəzi valideynlər çətinliklə də olsa həmin pulu tapıb verirlər. Bütün bu prosseslər təhsil mühitini korlayır. Təbii ki, şagirdlər müəllimlərə bir formada təşəkkürlərini bildirməlidirlər. Bu hədiyyə açıqca, kitab və kiçik həmcli gül dəstəsi ola bilər. Amma pul birmənalı şəkildə olmaz. Məktəb uşaqlara təkcə akademik bilikləri deyil, həm də vətəndaşlıq dəyərləri aşılayır. Əgər şagirdlər hələ məktəb illərində müəllimlərin müxtəlif vasitələrlə “təbrik olunmalı” olduğunu görsələr, bu onların gələcək həyatlarında rüşvət və qeyri-rəsmi ödənişləri normal qəbul etməsinə gətirib çıxaracaq. Çünki müəllimlər idealdır. Bu təbii ki, təhsilin keyfiyyətinə təsirini göstərəcək. Hesab edirəm ki, alternativ olaraq şagirdlər müəllimlərə xüsusi çarxlar, xüsusi təşəkkür məktubları, əl işlərini səmimi olaraq verə bilərlər. Və yaxud sinif, kollektiv olaraq xüsusi tədbirlər, proqramlar hazırlaya bilərlər. Gündəlik davranışlarda biz hörmət göstərməliyik. Müəllimlərə ən böyük hədiyyə onların əməyinin qiymətləndirilməsidir. Bu da şagirdlərin davranışlarında özünü göstərməlidir” deyə təhsil eksperti bildirib.
 
Link kopyalandı!
Son xəbərlər