Azərbaycan xalqının ümummilli lideri, dahi siyasətçi Heydər Əliyev Azərbaycan qadını haqqında belə bir müdrik fikir söyləyib: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyilə, Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınıb”.
Türk etnosunun yaratmış olduğu ən qədim yazılı kitabə olan “Kitabi-Dədə Qorqud”da qadın, ana hüquqları Tanrı səviyyəsinə qaldırılır. Ulu Tanrıdan sonra ikinci yaradıcı ana hesab edilir. Azərbaycan xalqı tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duymuş,ana adını uca tutub, qadına dərin hörmət və ehtiramla yanaşıb. Fitri istedadı, müdrikliyi və iradəsi ilə seçilən qadınlarımız tarixin ən müxtəlif dönəmlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinin həllinə öz sanballı töhfələrini veriblər.
Azərbaycan qadını azad, dövlət işlərində kişilərlə bərabərhüquqlu iştirak etmək, seçki, əmək hüququna malik olmaq, yüksək təmsil olunmaq kimi hüquqlara nail olmaq yolunda keşməkeşli bir həyat yaşayıbdır.
Şərqdə ilk dəfə seçki hüququnu məhz Azərbaycan qadınının qazanması asan əldə olunmamış və bu yolda heç bir qüvvə mərd, mübariz Azərbaycan qadınını qələbə əzmindən döndərə bilməmişdir.
Azərbaycan qadınının inkişafı, onun təhsili, cəmiyyətin bütün sahələrində yüksək təmsilçiliyi, xürafat və cəhalətdən qorunması, onların dövlət idarəçiliyinə cəlb olunması kimi problemlər hələ sovet dövründə Heydər Əliyevi düşündürən ən aktual məsələlərdən biri olmuşdur.
Yetmişinci illərdə Azərbaycan qadınları ölkənin qanunvericilik orqanlarında irəli çəkilməyə, əməyinin, ağlının təkcə istehsalat üçün yararlı olmayıb, yüksək kürsülərə layiq olduğunu sübut edirdisə, əsrin sonlarında onlar dünya qadın hərəkatının aparıcı qüvvələri kimi hərəkət edir, kişilərlə bərabər hüquq qazanmaq, öz iradəsini, bilik və düşüncəsini dövlətin – ölkənin idarəetmə və qanunvericilik sahəsinə tətbiq etməyə çalışırdılar.
Əslində, Azərbaycanda qadın hərəkatı dedikdə XIX əsrin ortalarından başlayan maarifçilik fəaliyyəti, 1905-ci il inqilabından sonrakı yüksəliş başa düşülürsə, ictimai və siyasi iştirakçılıq baxımından bu tarixi uğur və nailiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi həm birinci və həm də ikinci dövrə təsadüf edir. Respublikamızda Ulu Öndərimizin rəhbərliyi ilə keçirilən qadın qurultayları isə Azərbaycanda qadın hərəkatının dünya qadınlar birliyinə inteqrasiya yolunda böyük üfüqlər açıb.
Azərbaycanda qadın hərəkatının təşəkkül tapmasında, Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qadın siyasəti amili dayanır. Dövlət başçısı qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman da imzalamışdır. 1998-ci ildə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan Qadınlarının I Qurultayı, 2003-cü ildə isə II qurultayı baş tutmuşdur. Dünyanın müxtəlif ölkələrindən dövlət və cəmiyyət həyatında xidmətləri olan tanınmış qadınlar bu qurultaylarda iştirak edirdilər. Qadınlarımız bu qurultayla demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular. Şərəfli tarixi keçmişi olan Azərbaycan qadın hərəkatı Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti sayəsində inkişaf dövrünü yaşamışdır. Onun Azərbaycanın siyasi rəhbərliyində olduğu bütün dönəmlərdə qadınlar daim diqqət və ehtiramla, məhəbbətlə əhatələnmişdir. Heydər Əliyev 15 sentyabr 1998- ci ildə keçirilən Azərbaycan Qadınlarının I Qurultayında iştirak edən şəhid analarına öz hörmət və ehtiramını bildirmişdir. Qeyd etmişdi ki, Azərbaycan qadınları Azərbaycan ordusunu daha da gücləndirmək , inkişaf etdirmək, daha da qüdrətli etmək üçün bundan sonra da gözəl insanlar yetişdirəcək, o insanlar tərbiyəli, vətənpərvərlər olacaqlar.
Məhz unudulmaz dövlət rəhbərimizin sonsuz qayğısının, diqqətinin bariz ifadəsidir ki, Azərbaycan qadınları artıq bütün dövlət idarəçilik strukturlarında, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməklə, yüksək səviyyədə təmsil olunurlar.
Bu gün ölkəmizdə beynəlxalq standartların tələblərinə cavab verən dövlət qadın siyasətinin formalaşmasını, hətta ən mötəbər beynəlxalq təşkilatlar da təsdiqləyir. Artıq respublikamızda da qadın hüquqları, qadın hərəkatı və gender siyasəti təhsil müəssisələrində tədris edilməklə dərindən öyrənilir və elmi tədqiqat obyekti kimi tədqiq edilir. İllər keçəcək, əsrlər və qərinələr bir-birini əvəz edəcək, Azərbaycan qadını daim ölkəmizdə əzəmətli qadın hərəkatına görə müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət, əvəzolunmaz dövlət rəhbəri, gözəl insan, dünya şöhrətli siyasətçi Heydər Əliyevi ehtiramla yad edərək ona daim minnətdar olacaqdır.
Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır.
Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapmışdır. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırır, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirir.
Qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər.
Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər vardır. Qadınların cəmiyyətdəki yeri və rolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hal-hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla yanaşı qadınlar həm də, ictimai-siyasi proseslərdə fəal iştirak edərək cəmiyyətin qurucusuna çevrilirlər.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadını obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. O, Ali Baş Komandan, Prtezident İlham Əliyevin ən yaxın silahdaşı kimi, Azərbaycanın inkişafı, daha da güclü və qüdrətli dövlət olması üçün əlindən gələni əsirgəmir.
Bu gün müasir Azərbaycanda qadın hərəkatının inkişafında torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlar, bütün şəhid anaları və xanımları, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşları, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının da rolu danılmazdır. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi
Mustafayeva Arifə Akif qızı