Bizi sosial şəbəkələrdən izləyin:
“Musiqimizi bu günə qoyan elə xalq özüdür. Toplumun, kütlənin günahı çoxdur. Əlbəttə ki, mən hamını nəzərdə tutmuram. Ümumi danışmaq da olmaz. Çünki camaatın içində ziyalı təbəqə də var, o da çox azdır. Toplum sənəti gözəl, əxlaqı, mənəviyyatı yüksək olan, sənətin ağırlığını çiynində daşıyan hansı bir müğənnini məclisinə çağırıb, hansı müğənniyə dəstək olub? Nə qədər bayağı musiqi oxuyan, nə qədər sözü də, musiqisi də bəsit, çox aşağı səviyyədə olan musiqiləri ifa edən müğənnilər varsa hamısını toylara dəvət edirlər. Mən onlara müğənni yox, həvəskar deyirəm. Onları da qınamıram. Görürlər ki, onlara dəyər verirlər, baş tacı edirlər, toylarına aparıb yaxşı qonorar verirlər, onlar da deyirlər ki, niyə də yox? Yəqin ki, mən çox qiymətliyəm ki, mənə bu dəyəri verirlər. Onlar da şansdan istifadə edib pul qazanırlar. Onları heç qınamıram. Bu gün efirlərdə məni qane etməyən verilişlər var. Getmirəm, çünki özümü orada görmürəm. Çox utanıram”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova deyib. O daha bir müddət öncə fəaliyyəti dayandırılan “İrs” folklor ansambılından da danışıb:
“Bu ansambılın mahiyyəti böyük idi. Artıq çərşənbələr gəlir, Novruz bayramı yaxınlaşır. Bütün kanallardan, təşkilatlardan, bir çox yerlərdən dəvətlər gəlir. Hamı ansambılı istəyir. Çünki bayram günlərində belə folklor qruplara böyük ehtiyac olur. Biz dövlətdən maliyyələşəndə ansambılın üzvlərinə deyirdim ki, siz maaş alırsınız, işiniz, toyunuz, tədbiriniz olsa da ilk növbədə siz işinizin başında olmalısınız. Hazırda “İrs” mənim QHT təşkilatımda fəaliyyət göstərir. Mən onlara qonorar verib, hər dəqiqə məşqə çağıra, pulsuz konsertlərə, tədbirlərə dəvət edə bilmirəm. Çünki hamısının işi var. Mədəni irsin qorunması, təbliği bir millətin milli-mənəvi dəyərlərinin qorunması deməkdir” deyə əməkdar artist bildirib.