Cəmiyyət
567
15:33, Bu gün

"Rusiyanı növbəti işğallar üçün şirnikləndirirlər" - İLGİNC DETALLAR

"Doğrudanmı sadəlövhcəsinə düşünürük ki, bu boyda şou, gərginlik və Trampın tələskənliyi Ukraynadan 350-500 milyard dollar qoparmaq üçündür? Bir neçə gün öncə İlon Mask kabinet iclasında çıxış edərək dedi ki, əgər biz təcili lazımi addımları atmasaq, ABŞ-ın defolta getməsi zaman məsələsidir".
 
Bu fikirləri iqtisadçı Elman Sadıqov bildirib.
 
O qeyd edib edib ki, ÜDM-i 27.7 trilyon dollar olan ABŞ-nin büdcə gəliri 2 trilyon dollara yaxınlaşır, borcları isə ilbəil trilyonlarla dollar artır və hazırda 35.8 trilyon dollardır:
 
"500 milyardın ABŞ üçün nə demək olduğunu anlamaq üçün digər bir neçə rəqəmə də nəzər salaq. Təkcə İlon Maskın özünün sərvəti 400 milyard dollar ətrafındadır. Bircə "Apple" şirkətinin xalis bazar dəyəri 3.67 trilyon  dollardır. ABŞ-da rəqəmlərin böyüklüyü başqadır.
 
Trampın qarşısında bir çox həlli vacib məsələlər var. Qəzza, Rusiya, iqtisadi məsələlər, Çinlə münasibətlər və sair. Sizcə, bütün bunları kənara qoyub Ukrayna ilə 500 milyard dollardan ötrü (ABŞ-dakı rəqəmlər də göstərir ki, bizim kimi ölkələr üçün böyük olan bu məbləğ Amerikanın heç bir yarasına dərman deyil) bu qədər risk edər, enerji xərcləyər?
 
ABŞ iqtisadiyyatının arxa planında İlon Maskın, bir çox iqtisadçıların dediyi kimi böyümə və müsbət makroiqtisadi göstəricilər fonunda ilbəil artmaqda olan və təhlükəli səviyyəyə çatan büdcə kəsiri və borclar var. ABŞ hər il təkcə dövlət borclarının faizləri üzrə büdcədən 1 trilyon dollardan çox pul (faiz) xərcləyir. Düşünək, 7.83 trilyonluq büdcənin 1 trilyondan çoxu faiz ödəmələrinə gedir. Pentaqonun da büdcəsi 1 trilyon dollara çatır. ABŞ faktiki olaraq bir dövlət kimi öz müsbət makroiqtisadi göstəriciləri və gücünə görə iri korporasiyalar və milyarderlərə, trilyoner ailələrə, qurulmuş iqtisadi sistemə borcludur. Sistem hələlik öz-özünü təmin edir. Lakin hələlik..."
 
Elman Sadıqov bildirib ki, ABŞ iqtisadiyyatın intensiv böyüməsi üçün potensial minimuma düşdüyünü anlayır:
 
"Yəni intensiv böyümə (eyni iqtisadi resurslarla eyni sərhədlər daxilində) üçün iqtisadiyyatda doyma mövcuddur. Ekstensiv (xarici sərhədlərdə daxili və xarici iqtisadi potensialları cəlb etməklə) böyümə imkanı Çin vasitəsilə alınmadı, çünki Çin özü gücləndikcə ABŞ üçün başağrısına çevrildi. Ərazisi, resursları və böyüklüyünə nisbətdə çox az əhalisi olan Kanada da demoqrafik, iqlim və bir çox digər şərtlər daxil olmaqla Britaniya və Avropa amilləri səbəbindən mümkün olmur.
 
Digər strateji müttəfiq Yaponiyanın uzun illər sürən iqtisadi durğunluqdan çıxmaq üçün ekstensiv (ən azı Kuril adaları) inkişafa ciddi ehtiyacı olduğu üçün ABŞ üçün heç nə edə bilmir. Cənubi Koreya da həmçinin. Qalır Avropa Birliyi. Bu Birlik də son 15 il ərzində Suriya, İran və Rusiya məsələlərində yumşaq və qətiyyətsiz mövqe nümayiş etdirməklə əslində ABŞ-dan kənarlaşdı. Avropa Birliyinin cəzalandırılacağı hələ 2015-2016-cı illərdən yavaş-yavaş aydın olmağa başlayırdı.
 
AB-nin qorxaq və ziddiyyətli siyasəti (Britaniya və Fransa arasındakı fikir ayrılıqları iqtisadi güc mərkəzi kimi zəifləməkdə olan Avropa İttifaqını siyasi güc mərkəzi kimi də dişsiz bir Birliyə çevirdi) öz nəticələrini verməli idi. Avropa Birliyi intensiv inkişaf imkanlarının maksimum sərhədinə çatmış iqtisadiyyatını ekstensiv inkişafı üçün torpağı, resursları, imkanları yüksək olan Ukraynanı öz sıralarına qatmaq üçün addım atmaq istədi. Putin 2014-cü ildə Krımı almaqla onları bir addım qabaqladı.
 
Beyin mərkəzlərinin hesablamaları göstərir ki, dünya iqtisadiyyatı sağlam şəkildə böyümə yoluna qədəm qoymasa, yığılan borcların heç olmasa bir hissəsi öz həllini tapmasa, borclanma və büdcə kəsirlərinin artım sürəti yavaşlamasa dünyanın iqtisadi sistemi ciddi defolt riskləri ilə üzləşə bilər.
 
İllər öncə bir məqalə yazmışdım. "Rusiya nə özü inkişaf edir, nə də başqalarına inkişaf etməyə imkan verir". Məqalədə bu siyasətin ciddi bir şəkildə partlayacağını qeyd etmişdim. Rusiyanın ərazisinə, sərəncamındakı təbii resurslara nisbətdə dünya iqtisadiyyatındakı payı minimumdur, əlavə olaraq ətraf ölkələrin də iqtisadiyyatlarına mənfi təsirləri çoxdur. Əlavə olaraq, zəif iqtisadiyyatlar ABŞ-ın iri korporasiyaları üçün aşağı alıcılıq qabiliyyəti və daralan bazarlar deməkdir. Nəticə etibarilə, ABŞ-a, Yaponiyaya, Avropa Birliyinə (Çin də əlbəttə pay umur və hazırda hadisələrə hələlik seyrçi mövqe sərgiləyir) iqtisadi problemlərini həll etmək, sistemi qorumaq və ekstensiv inkişafa keçməkdə ən böyük həll yolu Rusiyadır".
 
İqtisadçı vurğulayıb ki, Ukraynanın resursları 100 milyardlarla ölçülə bilər, amma Rusiyanın resursları trilyonlar dollarla ölçülür:
 
"ABŞ-a milyardlar yox, trilyonlar lazımdır. Ukrayna burada Avropa Birliyinin dərdinə dərman olmaq üçün kifayət edən bir ölkədir, ABŞ-ın deyil. Rusiya sanksiyalar, Ukrayna ilə müharibəyə cəlb edilmə yoluyla xeyli zəiflədildi, amma istənilənə nail olunmadı. ABŞ üçün zəif Rusiyanın eyforiyaya düşüb şirniklənməsi və səhv etməsi qədər yaxşı nə ola bilər?
 
Pərdə önündə görülən odur ki, Rusiyanın önünü açıb növbəti işğallar üçün şirnikləndirirlər. 1930-cu illərdə Almaniyanın şirnikləndirilməsi kimi... İri oyunların mahiyyəti kiçik dövlətlərə açıqlanmır. Həmin dövlətlərdən özləri hiss etmədən istifadə olunur".
Link kopyalandı!
Son xəbərlər