İnsan alverinə qarşı mübarizə prosesində KİV-lərin rolu
Cəmiyyət
492
12:26, Bu gün

İnsan alverinə qarşı mübarizə prosesində KİV-lərin rolu

Hər kəs aldanıb təslim ola bilər. Bu adi bir haldır. Həqiqi güc ondan ibarətdir ki, hamı sənin yıxılacağını gözləyir, lakin sən çətinlikləri dəf edib yıxılmırsan.
Kris Bredford-ingilis yazıçısı
 
Qlobal problemlərin-siyasi zorakılıqların, transmilli mütəşəkkil cinayətkarlığın, korrupsiyanın, ekoloji böhranın, məcburi miqrasiya, səhiyyədəki fövqəladə şərait, bərabərsizlik və ayrı-seçkilik hallarının dünyada eskalasiyası BMT və onun regional qruplarının çoxşaxəli sisteminin zəifləməsinə gətirib çıxarıb.
BMT Narkotiklər və Cinayətkarlıq üzrə İdarənin  (BMT-nin NCİ) məlumatına görə dünyada insan alveri cinayətlərinin qurbanları artımla müşahidə olunur (COVİD-19 dövründə azalma var idi). 
 
Məlumat- 159 ölkənin təqdim etdiyi hesabat xarakterli məruzədə səsləndirilib. BMT, sosial sahədə həyacanlı tendensiyadan narahatlığını ifadə edib. 2019-2022-ci illəri əhatə edən qlobal məruzədə qurbanların 25% artması vurğulanmışdır. 
 
Cinayətkar şəbəkə insanları məcburi əməyə, həm də, mürəkkəb onlayn dələduzluğa və kiber cinayətlərə sövq edir, qadınlar və qızlar isə seksual istismar və gender zorakılıqlarına məruz qalırlar. 
 
BMT-nin müvafiq idarəsinin məlumatına görə 2019-cu il ilə müqayisədə 2022-ci ildə insan alverində əziyyət çəkənlərin sayı 31% artmışdır. Qızlar arasında bu göstəricilər 38% artmışıdır. Amma münaqişəli ailələrdə oğlanlar daha çox bu cinayətlərin qurbanları sırasına cəlb olunurlar. 
Tədqiqatlara görə qadınlar və qızlar qurbanların çoxluğunu-61%-ni təşkil edir. Oğlanların 45%-i məcburi əməyə, kriminal fəaliyyətə , dilənçiliyə və sair istismara məruz qalırlar. 
 
Jurnalistlərin bu istiqamətdə fəaliyyəti, yəni “insan alveri” mövzusunda nəyi etməli olduğunu, bu sosial bəlanın, müasir köləliyin mahiyyətini anlamaqla-müasir dünyada insan alveri niyə baş verir, onu hansı səbəblər doğurur və bu cinayətə qarşı mübarizənin aparılması üsulu və taktikası istiqamətində müəyyən işlər görə bilər. 
 
ABD Dövlət Departamenti insan alveri ilə bağlı illik məruzəsində insan alveri cinayətlərinə təsir edən səbəblər sırasında ehtiyac, yaxşı həyat şəraitini başqa yerlərdə axtarmaq, işləmək üçün imkanların olmaması, mütəşəkkil cinayətkarlıq, uşaqlar və qadınlar üzərində zorakılıqları və.s qeyd edir.     
 
Bəs, bu sahədə KİV-lərin rolu nədən ibarətdir?
 
Cinayətkarlıqla ümumi mübarizə prosesində KİV-lərin rolu aşağıdakı kompleks tapşırıqlara sayğı ilə yanaşmadan ibarət olmalıdır:
Cinayətə hazırlıqlar barədə məlumatları cəmiyyətə çatdırmaq ;
Cinayətlərin qarşısını almaq və xəbərdarlığı məqsədilə informasiyanı yaymaq;
Cinayətkarlığa qarşı mübarizədə əks təsir tədbirlərinə uyğun məlumatların yayılmasına dəstək olmaq;
Cinayətkarlığın ictimai təhlükəsizliyə və qaydalara zidd olduğunu təşviq etmək;
Zərərçəkənlərə-cinayətlərin qurbanlarına, onlara dair məumatlara həssas yanaşmaq;
Cinayətkarlığın qarşısını almağa yönələn lahiyələrlə bağlı informasiyaları yaymaq;
 
Müvafiq dövlət qrumlarının Transmilli Mütəşəkkil Cinayətkarlığa, mütəşəkkil qrup və dəstələrə qarşı  təsdiq edilmiş Milli Fəaliyyət Planının tələblərinə səthi yanaşan orqanların üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən orqanlar barədə məlumatları ışıqlandırmaq və bu sahədə aktual problemə çevrilən narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri, dini radikalizm və cinayətlərin digər xüsusilə ağır növlərinə qarşı olan tapşırıqları öz qəzet və media xəbər portalları, televizya və radioproqramlar vasitəsilə cəmiyyəti məlumatlandırmaqdır. 
 
Cinayətkarlığa qarşı mübarizədə ictimai dəstəyin təmini bəzən KİV-də yayılan məlumatlardan asılı olur. Beynəlxalq təcrübəyə əsaslansaq belə qənaətə gələ bilərik ki, müxtəlif ərazidə, coğrafiyada, hətta bəzi ölkələrdə mövcud vəziyyəti müqayisəli şəkildə təhlil etdikdə cinayətlər barədə ümumi və fərqli cəhətləri aydın görmək olur. Məs: Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qadınların və qızların cinsi istismarı məqsədilə aldadılaraq ölkədən daşınması, Tacikistan Respublikasının istehsalatında və kənd təsərrüfatında əməyin istismarı məqsədilə girov götürmə və girovların qul kimi satılması, Rusiyanın uzaq şərq rayonlarında yaşayan əhalinin müəyyən həssas qruplarının, 30 yaşda olanları işləmək üçün Yaponiya,  Koreya və Çinə dəvət edilməsi adi hal alıb. Rusiyanın Şimal-Qərb regonunda yaşayanlar isə Skandinaviya ölkələrinə gedirlər. Eyni hal Ukranya ölkəsində geniş yayılıb. Zakarpatya əhalisi Çexiyaya, Slovakiya və Macarıstana, Ternopol, Lıvov vilayətinin sakinləri isə istismar məqsədilə İtaliyaya aldadılaraq daşınırlar. Burada ilin fəsillərinə uyğun, mövsümilik əhəmiyyət kəsb edir. Kırımdan isə əhali dələduzluq yolu ilə  Türkiyəyə aparılır. Bu mənada KİV təmsilçiləri bu cür təmayülləri təhlil etmək bacarığında olduqlarına görə izləyici məlumatlara inanır, auditoriya üçün maraq doğurur. 
 
İnsan alverçilərinin tələsinə düşməsinə təsir edən əsas faktorlardan biri cəmiyyətin işə düzəlmək üçün qeyri-dəqiq məlumatlara və yaxud da, ölkə hüdudlarından kənarda yaşayanların real həyat  səviyyəsinin təhrif edilmiş təqdimatına inanmasıdır. 
 
Yenə beynəlxalq təcürbəyə istinad etsək, bu miflərin öhdəsindən gəlməyin yeganə üsulu xarici ölkələrdə işə düzəlmə haqda doğru və səhih məlumatlar yaymaqdan ibarətdir. Jurnalistlər konkret regionda əhalinin işə düzəlməsi üçün qarşılaşa biləcəkləri risklər və təhlükələr ətrafında səhih informasiya yaymalıdır. Məs: Macarıstanın Avropa İttifaqına üzv olmasına qədər Ukrayna KİV-də qızların həmin ölkənin restoranlarında “yemək gətirən” işçilərin kirayəyə götürülməsi barədə elanlar yayılmışdı. Amma az adamın ağlına gələrdi ki, Macarıstanda ofisiant işləyənlər adətən kişilərdir. Ona görə də, belə elanlar insan alverinin KİV-lə birlikdə qurduqları tələ idi və ilk baxışdan inandırıcı görünürdü. 
 
Məsələ ilə bağlı belə bir faktı göstərmək olar. Ukraniyanın hüquq-mühafizə orqanlarının istintaqı nəticəsində Kiyev firmalarından biri insanları ABŞ-da işləmək üçün şəbəkəsinə cəlb etmişdi. Elanlar paytaxtın reklam qəzetlərində çap olunuduğundan inandırıcı idi. Sonralar elanların cəlb edici məqsədlə yayılmasını  istintaq sübuta yetirmişdir. 
 
İnsan alveri cinayətlərinin eskalasiyasına səbəb olan vasitələrdən biri də, kriminal biznesin bu növünə qarşı bəzi ölkələrdə cəza təhdidinin zəifliyi və ya olmamasıdır. Ona görə də, insanların qeyd etdiyim kriminal biznesinin qurbanına çevrilməməsi, KİV-nin mühüm vəzifəsinə çevrilməlidir. 
 
Buna misal olaraq bir aviakompaniyanın hüquq-mühafizə orqanlarına etdiyi müraciətinə nəzər yetirmək kifayətdir. Müraciətdə deyilir: Hər ay xaricə uçuş reysi həyata keçirdiyimiz təyyarədə 10-larla gənc qızlar Asiya ölkələrinə daşınır. Qızların heç vaxt kassadan bilet alması faktına rast gəlinməməsi şübhə doğurub. Məlum olub ki, onların pasportları başqa şəxsə verildiyindən biletləri də, həmin adamlar almış və qızlar cinsi istismar məqsədilə aldadılıb, daşınıblar. Aviakompaniyanın bu müraciəti əsasında telekanalların birində insan alveri barədə məlumat yayılıb.
 
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, cəmiyyətin bu problemi anlayaraq insan alveri cinayətlərinin qarşısını almaqda müvafiq orqanlarla əməkdaşlıq etməsi müəyyən mənada KİV-dən asılıdır. 
 
İnsan alveri cinayətlərinin stereotipləri və aradan qalıdrılması
 
Stereotiplər adətən insanların bəsit təfəkkürü və baş vermiş hadisələrə meyilliliyi sayəsində əmələ gəlir, insanlara yapışdırılan şərti “etiket” kimi qabardılır.  Psixologiya elminə görə stereotip sosial məkanlarda yaşayan insanlar üçün səciyyəvi təsəvvürlərdən ibarət psixi hadisədir.
 
Stereotiplər cəmiyyətdə artıq kifayət qədər yayılıb, jurnalistlər də onların daşıyıcılarıdırlar,- desəm inciməyin. Problem onunıla bağlıdır ki, peşəkar fəaliyyətə sosial stereotiplərin gətirilməsində maraqlar var. Axı stereotiplər (stereotip-yunan sözüdür, “davamlı”, “möhkəm” və “iz” sözlərindən ibarətdir. Daimi olan, dəyişməz qalan, tez-tez baş verən nümunə) “sementlənmiş hadisə” kimidir. Jurnalistin vəzifəsi yeni informasiya tapıb onu təhlil və müqayisə etmək, bəzən məlumatın dəqiqliyinə inanmasa da,  istənilən hadisəni ictimai maraqlara uyğun qəbul etməyə və auditoriyaya öz nəzəri fikrini formalaşdırıb çatdırmağa bacarığı olmalıdır. 
Ümumiyyətlə insan alverinə qarşı mübarizədə KİV-nin (beynəlxalq təcrübəyə yanaşma) tez-tez tirajladığı, lakin bir mənalı qarşılanmayan 5 stereotip diqqətə çatdırılır. 
 
1-ci Streotip. Cinsi istismara məruz qalan qadınlar özləri günahkardırlar, səhvlərinə görə tələyə düşürlər. Onlar, hara və nəyə görə getdiklərini çox yaxşı bilirlər. Fahişəlik ictimai bəla və çirkli bir iş olduğu üçün onları məsuliyyətə cəlb etmək lazımdır-düşünənlər var.  
 
Bu stereotip KİV tərəfindən tez-tez tirajlanır və deyərdim ki, cəmiyyətdə artıq yayılıb. Beynəlxalq təşkilatların və QHT-lərin məlumatlarına görə qadınların və qızların insan alveri cinayətlərinin qurbanına çevrilməsi, seksual istismara məruz qalması, insan alverçilərinin dayə, qabyuyan, yemək payalayan qismində işləyəcəyi yalan vədlərlə bağlıdır. Cəlb edənlər-tacirlər xaricə göndərdikləri qurbanlara həqiqət barədə az və dar məlumat vermək marağından çıxış edirlər. Çünki onların biznesi qurbanların sayından asılıdır.
 
2-ci Stereotip. Köləliyə, seksual sahədə istifadə olunan və ancaq gənc qadınlar məruz qalırlar. Kişilər, uşaqlar və orta yaşlı qadınlar heç vaxt insan alverçilərinin tələsinə düşmürlər-anlamında olanlar da var.
 
Bu halda, yəni 2-ci stereotipin yayılmasında əsas səbəb seksual istismar məqsədilə gənc qadınların sayca çox olması və yalan vədlərə uymasıdır. Məsələ qızların bu sahədə istismarı ilə bitmir. Məcburi nigaha daxil olma, məcburi əməyə cəlb etmə, ev təsərrüfatında istifadə etmə, sənayedə və kənd təsərrüfatında işlətmə, məcburi və ya sifarişlə uşağın doğulması və.s. Adətən kişilərin əməyindən tikintidə istifadə olunur, uşaqlar isə dilənçiliyə məcbur edilir.
3-cü Stereotip. İnsan alverçilərinin qurbanlarına yalnız savadı az olanlar və sadəlövh insanlar çevirilirlər.
 
 Jurnalistlərin və ekspertlərin qurbanlar arasında apardığı interaktiv sorğu nəticəsində qurbanların 49%-nin (dindirilmə zamanı) orta təhsilli, 16% orta ixtisasa malik, 8% natamam ali və 7%-nin ali təhsilə malik olması müəyyən edilmişdir. 
 
Bir mühüm psixoloji cəhəti qeyd etmək yerinə düşərdi ki, istənilən şəxs mürəkkəb maddi durumda və işsiz qalanda həyat şəraitinin yaxşılaşacağına verilən vədlərə inanmalı olur. Psixoloji fürsətdən alverçilər məharətlə istifadə edə bilir və “itirəcəyin heç nəyin yoxdur”,  formulasına uyğun inandırır və hərəkət edirlər.  
Bundan başqa zərərçəkənlərin əksəriyyəti xaricdə işləmək təkliflərini inandıqları və etibar etdikləri insanlardan alırlar. Hüquq-mühafizə orqanlarında aparılan istintaq məlumatlarına görə cəlb edənlər bəzən qohumlar da olur. 
 
4-cü Stereotip. Sərbəst, azad və müstəqil olan insanlar tacirlərin qurbanı olmurlar (və yaxud nadir halda olurlar).
 
Yuxarida qeyd olunduğu kimi təyinat ölkəsinə düşən insanlar ətrafında tacirlər müxtəlif məcburetmə metodlarından istifadə etməklə şəxsi müəyyən işi görməyə məcbur edirlər. Belə şəxslərin sırasında pasportu və digər sənədləri olmayan , şantaj, fiziki güc tətbiq etmə, müəmmalı borcla şərlənən, hədə-qorxu ilə , həmçinin azadlığı, hərəkətləri məhdudlaşdırılan insanlar da olur. 
 
Bəzən jurnalistlər arasında belə bir fikir də formalaşır ki, əgər insana qarşı fiziki güc və hər hansı bir vasitə tətbiq olunmayıb, “dörd divar” arasında saxlanılmamışdırsa orada insan alveri cinayəti də yoxdur. Hədə və fiziki gücün zərərçəkənə tətbiqi,  psixoloji təsir, şərləmə, aşağılama və.s hallar bu cnayətin tərkibini yaradır. Belə insanların hüquq mühafizə orqanlarına müraciət etmək imkanları qapanır və ya bəzi hallarda bu orqanlara inam olmadığından kömək etmək üçün müraciət etməyə həvəs qalmır. Beləliklə taleləri iıə barışmalı olurlar.
 
5-ci Stereotip. İnsan alveri bir ölkənin ərazi hüdudları daxilində həyata keçirilə bilməz, bu, kriminal biznesin gələcək qurbanları xarici ölkələrə aparılması ilə baş verir.
Ölkə daxilində belə hallar baş verirsə hüquq-mühafizə orqanlarına müraciət etmək və köləlik şəraitindən çıxmaq rahat olur. Bəzi ölkələrdə məs: Ukraynada ölkə daxilində insan alveri qurbanlarına çevrilməsi adi haldır. Tacirlər ölkə hüdudlarında bizneslərini az məsrəf və az risklə həyata keçirə bilirlər. Qurbanların həm məcburi əməyə cəlb edilməsi, həm də, cinsi istismara məruz qalması faktları orada artımla müşahidə edilir. Məcburetmə üsullarından istifadə, şantaj və güc tətbiq etmə yolu ilə bu və ya digər işlərin yerinə yetirilməsinə nail olurlar.
 
Jurnalistlərin yaydığı informasiyalardan məlum olur ki, ailədəki cütlük-ər və arvad uzun müddət ərzində gənc qadını şəhərə turist qismində gələn əcnəbilərə xidmət göstərməyə məcbur və onu internet şəbəkəsi vasitəsilə reklam edib və satıblar. Bunun müqabilində sifarişçilər ödənişləri, plastik kartlarla həyata keçiriblər. Zərərçəkəni açıq-aşkar gizlin çəkdikləri pornoqrafik video və şəkillərlə şantaj ediblər. Tacirlər gənc qadının onların şərtlərindən imtina etməsi təqdirdə çəkdikləri porno şəkillərini yayacaqları, hətta onun övladlarına da göstərəckləri barədə xəbərdar ediblər. İl ərzində qadın insan alverçilərinin-kriminal biznes təşkilatçılarının onun şəkillərini yayacaqlarından ehtiyat edərək cinsi istismara məruz qalıb.  
 
Bu faktın özü insan alverinin “daxildə” baş verəcəyinə bir nümunədir və bəzi ölkələrdə geniş yayılıb.
 
Hüquqi baxımdan əgər şəxs istismar məqsədilə dövlət sərhədindən keçirilərək daşınmayıbsa, bir dövlətin ərazisində istismara məruz qalıbsa, həmin ölkə həm mənşə, həm də təyinat ölkəsi kimi tanınır və istismar olunanlar insan alveri cinayətlərinin qurbanı sayılırlar.
 
Faktlar və şərhlər
 
Jurnalist etikasının əsas məqsədi komentariyanı faktlardan ayıra bilməsindən ibarətdir. Xəbərlər proqramı izləyicilərə və tamaşaçılara məlumat sırası olaraq təqdim edilməlidir ki, izləyici özünün özəl baxışlarını eşitdiyi məlumata münasibətdə formalaşdıra bilsin. Tamaşaçılar və ya xəbər portallarının izləyiciləri baxdıqları proqramlardan aparıcının və ya müxbirin istənilən mübahisəli proqram üzrə şəxsi baxışlarını qəbul etməməlidirlər. Həqiqi jurnalistika şərhlə xəbər lentinin sərhədini dəqiq aparmalıdır.
 
Xəbərlər barədə məlumat jurnalistin gerçək inamı və ya nəzəri kimi təsəvvür yaratmamalıdır. Belə yanaşma əksər ölkələrin jurnalistlərin etik davranış kodeksində var. Zənnimcə jurnalistlərin fikri və  mülahizələri ictimai rəyin formalaşmasında mühüm rol oynamalıdır. Mətbuat  bütün dünyada hakimiyyətin qeyri-rəsmi 4-cü qolu kimi qəbul olunur. Bu mənada mətbuat insan alveri ilə mübarizədə çox işlər görə bilər. 
 
KİV-nin insan alverinə qarşı mübarizəyə dair yaydığı məlumatlar ictimai borcu, cəmiyyət qarşısında məsuliyyəti də ehtiva edir. Çevik rejimdə çalışan böyük jurnalist kollektivi yeni texnoloji prosesləri mənimsədikcə insanların dünya görüşünün formalaşdırılmasına çalışmalı, milli-mənəvi dəyərlərin uca tutacağına əminlik yaratmalıdır. Müxbirin təqdimatı qeyd etdiyim stereotiplərə uyğun gəlməyəndə insanlar qeyri-dəqiq və səhih mənbələrə söykənməyən məlumatlara malik olurlar. Ələxüsus qadınların alveri barədə məlumatlar dəqiq olmayanda cəmiyyətdə çaşqınlıq yaranır. Alverçilərin şübhəli təklifləri və elanları ətrafa cəlbedici ovqat bəxş edir.
Şəmsəddin Əliyev,
“Polisə Dəstək” İctimai Birliyin sədri
Link kopyalandı!
Son xəbərlər