Bu dövlət saxta həkim sertifikatlarını yasaqladı: Azərbaycan da etməlidir - çağırış
Cəmiyyət
334
12:16, Bu gün

Bu dövlət saxta həkim sertifikatlarını yasaqladı: Azərbaycan da etməlidir - çağırış

Ölkədə özünü “uzman” adlandırıb reklamını aparanlar ordusu yaranır - mütəxəssislər təcili addım atılmasını təklif edirlər
 
Rusiyada Dövlət Duması həkimlərə və əczaçılara onlayn şəkildə ixtisaslarını artırmağı qadağan edən qanun qəbul edib. Bununla da həkimlərin hazırlanması ilə məşğul olduğu iddia edilən ofislərin biznesi bağlanıb. Bu işlə məşğul olmaq artıq cinayət məsuliyyəti yaradır. Çünki bu cür ofislər ixtisasartırma diplomlarını və sertifikatları sadəcə olaraq satırdılar. İndi həkimlər, tibb bacıları və əczaçılar üçün yalnız şəxsən və normal klinik bazası olan müəssisələrdə təhsil almaq mümkün olacaq.
 
Bilindiyi kimi, ölkəmizdə də müxtəlif diplom və sertifikatla malik olan həkimlər və əczaçılar var və onlar bu saxta sənədlərdən öz reklamları üçün yararlanır, özlərini “uzman” adlandıraraq reklam edir, müştəri-pasiyent toplayırlar. Azərbaycanın tanınmış, özünü təsdiq etmiş həkimləri belə bir qanunun ölkəmizdə də qəbulunu zəruri sayırlarmı?
 
Əksər ölkələrdə həkimlər dövlət tərəfindən verilən lisenziya olmadan fəaliyyət göstərə bilmirlər. Bu lisenziyanın alınması üçün universitet təhsili, praktik təcrübə və imtahanlar tələb olunur. Misal üçün, ABŞ-də həkimlərin lisenziyaları və sertifikatları Federation of State Medical Boards (FSMB) və ya American Board of Medical Specialties (ABMS) kimi qurumların bazasında saxlanılır. Bu bazalar vasitəsilə hər kəs həkimin həqiqi kvalifikasiyasını yoxlaya bilər. Bir çox ölkədə saxta diplomla tibb sahəsində işləmək ciddi cinayət hesab edilir və həbs cəzası ilə nəticələnə bilər. Məsələn, Böyük Britaniyada General Medical Council (GMC) bu cür halları aşkar edib cəzalandırır. İnkişaf etmiş ölkələrdə ixtisasartırma kursları yalnız rəsmi akkreditasiyadan keçmiş institutlar tərəfindən təklif olunur. Sertifikatlar və diplomlar xüsusi kodlarla qorunur, yoxlanılması mümkündür. Ölkəmizdə də bu problemin qarşısını almaq bir sıra addımlar atıla bilər.
 
Ekspertlər qeyd edirlər ki, həkimlərin və əczaçıların sertifikatlarını dövlət bazasında qeydiyyata salmaq və vətəndaşların onlara rahat şəkildə baxa bilməsini təmin etmək lazımdır. Saxta sənəd təqdim edənlərə qarşı cinayət məsuliyyəti müəyyən etmək və qanunsuz fəaliyyət göstərənlərin lisenziyalarını ləğv etmək vacibdir. Onlayn sertifikatlaşdırmanı məhdudlaşdırmaq və yalnız akkreditasiya olunmuş mərkəzlərə icazə vermək lazımdır. Reklam qaydalarını sərtləşdirmək, yəni həkimlərin özlərini “uzman” və ya başqa titullarla təqdim etməsinə yalnız rəsmi sertifikasiyalara əsasən icazə vermək də neqativ halların qarşısını ala bilər. Azərbaycanın səhiyyə sistemində bu cür qanunların tətbiqi tibb xidmətlərinin keyfiyyətini yüksəldə və pasiyentləri dələduzlardan qoruya bilər. Bu sahədə ciddi islahatlar aparılarsa, saxta diplomlarla tibbi fəaliyyət göstərənlərin sayı əhəmiyyətli dərəcədə azalar.

 
Həkim-pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bu yeni problem deyil. Çox güman ki, ruslarda da bizdə olduğu kimidir, yəni kimə gəldi sertifikat verilir, lisenziya yazılır... Əslində, dünyanın qəbul etdiyi qaydalar var. Peşəkar bir həkim hazırlamaq üçün 10-12 il vaxt lazımdır. Ali təhsil, diplomdan sonrakı təhsil, təcrübə və sair. Sovet vaxtı tibb tələbəsi 6 il oxuyurdu, internatura təhsilini də alandan sonra müstəqil həkim olurdular. İndi fərqlidir. Ali təhsildən sonra rezidentura da olmalıdır”.
 
V.Qarayevin sözlərinə görə, saxta həkim mövzusu hələ indi ictimailəşdirilir: “Buna çox pis baxıram. Həkimin reklamı onun sağaltdığı, həyata qaytardığı xəstəsi ola bilər. Bundan böyük reklam yoxdur. Təəssüf ki, otağa girirsən, divar boyu sertifikatlar asılıb, bir az dərinə getsəniz, heç bir elmi mərkəz o sertifikatı verməyib. Sertifikatlar rəsmi, dövlət tərəfindən verilməlidir. Dünyada həkimlərin peşəkarlığını artırmaq üçün konfranslar var, bunlar dünyada ciddi qəbul olunan mərkəzlər tərəfindən həyata keçirilir ki, orada iştirak edə bilərlər”.
 
Həkimin fikrincə, buradan əldə etdikləri sertifikatları divardan assalar, onda anlamaq olar: “İndi pasiyentlər də yalançı sertifikatlara inanmırlar. Fikrimcə, biz də ruslar kimi onu qəbul etməliyik. Təkcə həkim yox, şəhərin harasında istəyirsiniz elanları görürük, ”tibb bacıları hazırlanır" başlığı ilə yazılmış lövhələr var. Bunlar düzgün deyil. Sən pinəçi hazırlamırsan, tibb personalı hazırlayırsan və o, canlı insanla işləyəcək. Bunların hamısını yığışdırmaq lazımdır, onda sular xeyli durular".

 
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli da bu mövzuya toxunub: “Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə biz artıq ikipilləli təhsil sisteminə keçdiyimizə görə ümumi tibbi praktikanı təsdiq edən diplom və rezidentura təhsilini təsdiq edən diplom olmalıdır. O da həkimin konkret hansı sahənin ixtisası ilə mütəxəssis olduğunu təsdiq edir. Azərbaycanda özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün universiteti və rezidenturanı bitirdikdən sonrakı beş il ərzində yenidən həkimlər və orta tibb işçiləri imtahana cəlb olunurlar. Buna da sertifikasiya imtahanı deyilir və hər bir həkimə və tibb bacısına sertifikat verilir”.
 
Deputatın sözlərinə görə, deməli, ümumiləşdirərək, tibbi fəaliyyətlə məşğul olan həkimlərin, birincisi, tibb fəaliyyəti ilə məşğul olmağı təsdiq edən diplomu, ikincisi, ixtisasını təsdiq edən diplomu, üçüncüsü isə praktiki fəaliyyətlə məşğul olmasına icazə verən sertifikatı olmalıdır: “Bu üç sənədi olmayan tibb işçisi ixtisaslı həkim kimi fəaliyyət göstərə bilməz. Bu prosesdə qayda-qanuna nəzarət etmək üçün dövlət müəssisələrində ümumi reyestrdə həkimlərin elektron formada həm şəxsi kabinet şəklində sənədləri, həm də ümumi portalda əmək müqaviləsinin elektron forması olur. Əmək müfəttişliyi və digər yoxlayıcı qurumlar da asanlıqla elektron formada bu proseslə tanış ola bilərlər. Özəl sektorda isə dediyimiz kimi, həmin qaydada bu məsələlər öz həllini tapmalıdır. Əgər bu sahədə kənaraçıxmalar olarsa, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi bu proseslərə nəzarət edir”.(musavat.com)
Link kopyalandı!
Son xəbərlər