Bizi sosial şəbəkələrdən izləyin:
Şəhid bacısı Məmiyev Validə Əşrəf qızı Cənab Prezidentə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Müraciətdə deyilir:
“Hörmətli Cənab Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyeva!
Sizə şəhid Məmiyev Nizami Əşrəf oğlunun bacısı Məmiyev Validə Əşrəf qızı müraciət edir. Bu müraciət təkcə mənim deyil, ailəmizin və bizim kimi şəhid ailələrinin fəryadıdır.
Bir şəhid bacısı olaraq illərdir Yardımlı Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, digər aidiyyəti qurumlara müraciət etməyimə baxmayaraq, heç bir dəstək ala bilmirik. İcra hakimiyyətinin qəbulunda dəfələrlə olmuşuq, hətta kənd ərazi nümayəndəsi də bizim vəziyyətimizlə tanış olub. Lakin illərdir vədlər verilsə də, nə evlə təmin olunmuşuq, nə də işlə. Şəhidimizin şəxsi əşyaları və şəkilləri belə bu gün qar uçqunu altında qalıb. Evimiz olmadığından çadırlarda yaşamağa məcbur olmuşuq və indi o çadırlar da qarın altında qalıb. Burada üç azyaşlı uşaq böyüyür – gələcəyin əsgərləri. Lakin onlar dözülməz şəraitdə, soyuq və çətinliklər içində yaşayırlar.
Deputat Musa Qasımlı seçki vaxtı bizim evimizə gəlmiş, kömək edəcəyini bildirmişdi. Lakin seçildikdən sonra zənglərimizə cavab vermir. Yardımlı Rayon İcra Hakimiyyəti başçısı cənab Ayaz Əsgərov və müavini Azər Xamıyevin qəbulunda dəfələrlə olsaq da heç bir köməklik göstərilməyib.
Cənab Prezident, Mehriban xanım! Sizdən şəhid bacısı olaraq dəstək istəyirəm. Şəhidimizin adına bir ev tikilsin, onun əşyaları və şəkilləri qorunsun, bir muzey kimi yaşasın. Sizdən şəhidin mirasına sahib çıxmağı, bu ağır vəziyyətdə olan ailəmizə kömək etməyi xahiş edirik”.