Sabiq deputat naziri “TOPA TUTDU”: “Problemlərə yumor kimi yanaşır”
Cəmiyyət
361
17:12, Bu gün

Sabiq deputat naziri “TOPA TUTDU”: “Problemlərə yumor kimi yanaşır”

“Təhsil məsələsi ciddi və hamını maraqlandıran məsələdir. Hər kəs düşünür ki, axı bizim məktəblər nə üçün belə vəziyyətə gəlib çıxıblar?
 
Məktəblərin belə bir vəziyyətə gəlməsində əsas səbəb təhsildən xəbərsiz olan şəxslərin təhsilin pillələrinə rəhbərlik etmələrindədir. Vaxtı ilə Azərbaycanda böyük pedaqoq ordusu var idi. Məktəbdəki təlim-tərbiyə məsələləri hər zaman müzakirə mövzusu idi".
 
Bu sözləri Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. 
 
O bildirib ki, indi bir dəfə olsun dərslərə davamiyyət haqqında danışılmır:
 
"Təhsil naziri mənasız brifinqlərdə bir dəfə olsun davamiyyət haqqında danışmır. Məktəbdə davamiyyət yoxdursa, deməli, uşaqlar küçədədirlər. Məktəb mühiti tərbiyə, fiziki hazırlıq və zəruri biliklərin verilməsi mühitidir. Bütün dünya öz məktəblərini qorumağa çalışır, sistemin zədələnməsinə imkan vermirlər. Məktəbə heç bir aiddiyyatı olmayan şəxslər təhsil pilləsinə gətirilib. "AzGranata"dan, Aqrar Universiteti bitirənləri, Şəkər Zavodundan insanlar vəzifəyə gətirilir. Təhsil hər kəsin idarə edə biləcəyi sahəyə çevrilib. 
 
Böyük Kant deyib ki, insan üçün iki peşədən çətin peşə yoxdur. Onlardan biri idarəetmə, digəri isə tərbiyə peşəsidir. Şagirdlər məktəbdə tərbiyə mühiti pozulduğu üçün təhsilin dəyərlərindən bəhrələnə bilmirlər. Repetitorluq məktəbi birmənalı olaraq çökdürülüb".
 
Onun sözlərinə görə, təhsil naziri brifinqlərdə bu məsələyə yumor kimi yanaşır:
 
"İdarəçilər çalışır ki, bütün bu hallar məktəbdən kənarda olsun. Məktəbdən kənarda olsa da, onlar şagirddirlər. Nəyə görə şagirdin üzərində bıçaq olmalıdır və ən kiçik mübahisədə bıçaqlanma, müəllimi təhqir etmə halları olur? Bütün bunlar təhsili zədələyir. Ziyalılar illər boyu formalaşdırdığımız məktəblərin nə üçün bu vəziyyətə gəlib çatdığını düşünməlidirlər.
 
Bunun kökündəki səbəb menecer statusu verilmiş şəxslərin məktəbə rəhbərlik etməsi, məktəbin bilərəkdən repetitorun ağuşuna verilməsidir. Məktəblərdə siniflər müəllimə icarəyə verilir. Dövlət hər il təhsilə vəsaiti artırır. Vəsait heç bir effekt verməyəcəksə, şagird valideynin hesabına oxuyacaqsa, vəsait ayırmağın nə mənası var? 
 
Uşaqlar öz sinif müəllimlərinə repetitor haqqı verirlər. Uşağın müəllimə pul verməyi onun psixologiyasına təsir göstərir, məktəb mühitini zədələyir".
Link kopyalandı!
Son xəbərlər