Cəmiyyət
661
27 Feb 2025 | 19:38

"MAQATE təşviş içindədir: İranın altı bomba yaratmaq üçün hər şeyi var" - "Reuters"

"İranın fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq etmək üçün diplomatiyanın vaxtı tükənir..."
 
İranda demək olar ki, silah səviyyəsinə qədər zənginləşdirilmiş uran ehtiyatları kəskin şəkildə artıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına istinadən xəbər verir.
 
"Yeganə nüvə silahına malik olmayan, lakin belə bir nüvə materialı istehsal edən dövlət olaraq İranın yüksək zənginləşdirilmiş uran istehsalını və ehtiyatını əhəmiyyətli dərəcədə artırması ciddi narahatlıq doğurur", - MAQATE bəyan edib. 
 
Agentliyin hesabatlarına görə, son rüb ərzində 60 fazədək zənginləşdirilmiş uran ehtiyatı 92,5 kq artaraq 274,8 kq-a çatıb. MAQATE-nin fikrincə, bu miqdar altı nüvə başlığı istehsal etmək üçün yetərlidir. Həmçinin, agentlik hesab edir ki, İranın fəaliyyətinə yeni məhdudiyyətlər tətbiq etmək üçün diplomatiyanın vaxtı tükənir.
 
İsrail xarici işlər naziri Qideon Saar da vəziyyətin bu cür qiymətləndirilməsi ilə razıdır. O, bu barədə "Politico" qəzetinə müsahibəsində bildirib. Saar vurğulayıb ki, Tehranı nüvə proqramından çəkindirmək üçün zaman getdikcə azalır.
 
"İran bir neçə bomba istehsal etmək üçün kifayət qədər uran zənginləşdirib və indi onu silaha çevirməyin yollarını öyrənir", - Saar deyib. Onun sözlərinə görə, əgər bu baş verərsə, bu, "İsrailin təhlükəsizliyi üçün fəlakət" olacaq və bütün Yaxın Şərqdə silahlanma yarışını alovlandıraraq sabitliyin pozilmasına səbəb olacaq.
 
Bununla belə, Saar əlavə edib ki, İsrail vəziyyətin diplomatik yolla həllinə ümid edir, "lakin uğur şansları azdır və İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi müdaxilə tələb oluna bilər". "Masada etibarlı hərbi seçim olmalıdır", - Saar vurğulayıb.
 
Bundan öncə ABŞ prezidenti Donald Tramp İranla razılaşma əldə etməyə üstünlük verdiyini, onu "layiqincə bombalamaq" istəmədiyini bəyan edib. Lakin onun təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bu yaxınlarda bildirib ki, Vaşinqton yalnız Tehranın nüvə proqramının tamamilə sökülməsi ilə razılaşacaq və "bütün seçimlər" müzakirə masasında qalır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər